BAKI, 27 iyul — Sputnik. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
Sputnik Azərbaycan-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə və Rusiya liderləri Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətin gərginləşməsi barədə fikir mübadiləsi aparıblar.
Putin gərginliyin aradan qaldırılmasına kömək edəcək hər cür fəaliyyətə imkan verməyin vacibliyini qeyd edib. Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb.
Liderər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub.
Bundan başqa, Ərdoğan və Putin gündəmdə duran bir sıra aktual ikitərəfli məsələlərə toxunublar.
Putin türkiyəli həmkarını və Türkiyə xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə də təbrik edib.