CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gözü çıxmış qardaş"ın dərsləri - iqtisadiyyat buna görə pulsuz qalır

Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 3,9 faiz, xarici valyutada əmanətlər isə 16,5 faiz azalıb
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Mərkəzi Bankın məlumatına görə, 2020-ci il iyun ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 661,3 milyon manat təşkil edib, əmanətlərin 53,9 faizi xarici, 46,1 faizi isə milli valyutada qoyulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 3,9 faiz, xarici valyutada əmanətlər isə 16,5 faiz azalıb.

Bəs əmanətlərin azalmasının səbəbləri nədir və bu azalma davam edəcəkmi?

Mərkəzi Bank bilirdi ki, heç kim əməl etməyəcək: indi sahibkar borcludur, bank isə yox

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm HəsənovSputnik Azərbaycan-a deyib ki, əmanətlərin azalmasının bir neçə səbəbi var: "Birinci səbəb koronavirus pandemiyasına görə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdir, yəni insanların gəlirlərinin azalmasıdır. İnsanlar banklardan əmanətlərini ona görə çıxarırlar ki, cari xərclərini qarşılasınlar. Əmanətlərin azalmasının bir hissəsi insanların gəlirlərinin azalması ilə bağlıdır ki, öz xərcləri üçün əmanətləri bankdan çıxarırlar. İkinci səbəb bank sisteminə etimad məsələsidir. Aprel-may aylarında 4 bank bağlandı və bu, digər bank müştərilərini də çəkindirir. Əmanətlərin sığortalanması sistemi hələ də normal işləmir".

"Üçüncüsü, məsələn, "AtaBank" 1 ilə yaxın idi ki, əmanətləri qaytarmırdı və bu, digər bankların da əmanətçilərini çəkindirirdi. Əmanətlərin azalmasının, nəhayət, sonuncu səbəbi milli valyutaya olan inamın azalmasıdır. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı bəzi insanlarda devalvasiya qorxusu var və ona görə də əmanətlərini bankdan çıxarırlar. Baxmayaraq ki, milli valyutada əmanət faizləri yüksəkdir", - deyə o qeyd edib.

Ekspert bildirib ki, banklarda əmanətlərin azalması davam edəcək: "Çünki yuxarıda sadaladığım səbəblər, ən azı, yaxın aylarda aradan qalxmayacaq. Əmanətlər azalanda banklar kredit verə bilmir. Beləcə kreditləşmə azalır və iqtisadiyyat pulsuz qalır. Banklar əmanətçidən pulu aşağı faizlə alır, kredit alana isə daha yuxarı faizlə kredit verir. Və bank arada yaranmış fərqdən gəlir götürmüş olur. Əmanət azalanda banklar kredit verə bilmir, bu da iqtisadiyyat üçün çox pis haldır".

"Əmanətlərin artması üçün ilk növbədə əmanətlərin sığortalanması sisteminə yenidən baxmaq lazımdır. Ləğv olunan bankların ləğv prosesini daha şəffaf etmək lazımdır. Ən əsası - banklara etimadı, inamı bərpa etmək vacibdir. Bundan başqa, Mərkəzi Bank ilə Əmanətlərin Sığortalanması Fondu üzərində ictimai nəzarət olmalıdır", - deyə ekspert əlavə edib.

Xatırladaq ki, 2020-ci il may ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği aprel ayı ərzində 493,7 milyon manat azalaraq 7 milyard 758 milyon manat təşkil etmişdi. Əmanətlərin 55,1 faizi xarici, 44,9 faizi isə milli valyutada qoyulmuş, milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 3,9 faiz, xarici valyutada əmanətlər isə 16 faiz azalmışdı.