Fermerlər arasında müasir suvarma sistemlərinin tətbiqi təşviq ediləcək - Su olsa

Mirzə Əliyev: “Ölkə başçısının yeni sərəncamı ilə ayrılan vəsait müasir suvarma sistemlərinin tətbiqinə yönəldiləcək”
Sputnik

BAKI, 25 iyul — Sputnik. "Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı imzaladığı yeni Sərəncam aqrar sahədə müasir texnologiyaların tətbiqini genişləndirmək və səmərəliliyi artırmaq üçün daha bir təkan olacaq".

Prezident su təsərrüfatı qurumlarına qəzəbləndi: "İstəyirsiniz Azərbaycan səhraya dönsün?"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

Mirzə Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsaitin xüsusilə müasir suvarma sistemlərinin alışına yönəldiləcəyini bildirib. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri 2019-2020-ci illərdə müasir suvarma sistemlərinin alınması üçün fermerlərə dövlət tərəfindən 30 milyon manata yaxın güzəşt məbləği ödənildiyini bildirib: "Son dövrlərdə bizə edilən müraciətləri nəzərə alaraq eləcə də ölkənin su ehtiyatlarının istifadəsində səmərəliliyi artırmaq məqsədilə fermerlər arasında müasir suvarma sistemlərinin tətbiqinin təşviqini prioritetə çevirəcəyik. Torpaq sahələrinin həcmindən asılı olaraq hər növ müasir tipli suvarma sistemi mövcuddur və bu sistemlər ölkəmizdə müxtəlif təchizatçılar tərəfindən təklif olunur. Sudan səmərəli istifadə edərək və su itkisinə yol vermədən yüksək məhsuldarlığa nail olmaq mümkündür. Dövlətin təqdim etdiyi güzəşt və faizsiz kredit fermerlər üçün müasir suvarma sistemlərini daha əlçatan edir".

AKİA sədri onu da əlavə edib ki, 2020-ci ilin ötən 6 ayı ərzində dövlət fermerlərə texnika alışı üçün 34,8 milyon manat, damazlıq heyvan alışı üçün 10 milyon manat güzəşt verib.

Dövlət başçısı: "Kimin yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir"

Qeyd edək ki, ölkə başçısının 24 iyul 2020-ci il tarixli Sərəncamı ilə kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan və dövlət büdcəsindən hər birindən 20 milyon manat olmaqla, ümumilikdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 40 milyon manat ayrılıb.

Azərbaycan Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"na uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına texnika və damazlıq heyvanların satışı üçün güzəşt və kredit məbləğləri AKİA tərəfindən ödənilir. Fermerlər texnika alışına 40%, damazlıq heyvan alışına isə 60% güzəşt əldə edirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə keçirdiyi müşavirə su və suvarma problemləri ilə bağlı əlaqədar qurumları ciddi tənqid etmiş, bu sahədə acınacaqlı vəziyyəti yaradanların cəzalandırılacağını bəyan etmişdi.

“Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır” - Prezident müşavirədə bildirmişdi.