BAKI, 24 iyul — Sputnik. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kanadanın "CTV News" televiziya kanalına müsahibə verib.
Sputnik Azərbaycan xəbər verir ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyini bildirən H.Hacıyev ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal olunmuş ərazilərimizdə etnik təmizləmənin həyata keçirildiyini diqqətə çatdırıb.
ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətinə toxunan H.Hacıyev münaqişənin həlli istiqamətində nəzərəçarpacaq nəticələrin olmadığını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması əsasında həllinin zəruriliyini vurğulayıb.
Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində son hərbi təxribatına toxunan H.Hacıyev Ermənistan silahlı qüvvələrinin artileriyadan istifadə edərək Azərbaycan mövqelərinə atəş açdığını və hərbçilərimizin həlak olduğunu, habelə məqsədyönlü şəkildə Azərbaycanın yaşayış məntəqələrini və mülki insanları hədəfə aldığını söyləyib.
Prezidentin köməkçisi Ermənistanın bu hücumu törətməkdə məqsədinin həmin ərazidən keçən Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmaq olduğunu bildirib. Azərbaycanın sərhəd zonasında hərbi məqsədlərinin olmadığını bildirən H.Hacıyev ölkəmizin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllinə çalışdığını qeyd edib.
Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinə toxunan H.Hacıyev sözügedən stansiyanın dünyada Çernobıl texnologiyasının istifadə olunduğu yeganə AES olduğunu bildirib. Köhnəlmiş texnologiyaların istifadə olunduğu AES-in region üçün təhlükə olduğunu söyləyən H.Hacıyev Metsomorun radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrildiyini xüsusilə vurğulayıb.
Eyni zamanda, Kanadada yaşayan azərbaycanlılara və Kanadanın hüquq-mühafizə orqanlarına müraciət edərək erməni lobbi qruplarının Los-Anceles, Paris və Brüsseldə azərbaycanlılara hücum etdiyini və erməni terror təşkilatlarının azərbaycanlılara hücum edə biləcəyindən onları ayıq olmağa çağırıb.