İyulun 24-ü Bakı vaxtilə saat 14:16-da 86 il aradan sonra Aya Sofyada ilk dəfə namaz qılınıb.
Mərasimdə on minlərlə dindarla birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, onun koalisiya ortağı Devlet Bahçeli və digər ictimai-siyasi xadimlər iştirak ediblər.
Tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Aya Sofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək.
Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də verdiyi qərarı ilə Aya Sofya məscid kimi fəaliyyətinin dayandırmış, muzey olaraq ziyarətçilərin üzünə açılmışdı.
İyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Aya Sofyanın muzeyə çevrilməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib. Eyni gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb.