Biz də turistlərə pul paylayaq? - Pandemiyanın vurduğu sektoru xilas etməyin yolları

Müzəffər Ağakərimov bildirib ki, qonşu Rusiyanın daxili turizmin dirçəldilməsi, turistlərin marağının cəlb edilməsi ilə bağlı atdığı bu addım yaxşı təcrübədir.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Azərbaycanda sərt karantin rejiminin avqustun 5-də başa çatması ilə bağlı xəbərlər daxili turizmin fəaliyyətinə ümidləri artırır. Belə ki, artıq dünyanın bir sıra ölkələrində daxili turizm öz fəaliyyətini bərpa edib. Bu günlərdə qonşu Rusiya daxili turizmə dəstək məqsədilə maraqlı addım atıb. Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar. “İzvestiya”nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 5000-15000 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-ə yaxın) ayırıb. “Bu pullar cari ilin sonuna qədər Rusiya regionlarında istirahət etmək qərarı verən insanların  xərclərinin qismən təzminatı üçün ayrılıb”, - deyə, hökumət başçısı bildirib.

Qeyd edək ki, Azərbaycanda da pandemiyanın təsirlərinə məruz qalan əsas sahə kimi, turizm sektorunda çalışan sahibkarlara dövlət tərəfindən maliyyə yardımı göstərilib. Bəs görəsən ölkəmizdə daxili turizmə marağı stimullaşdırmaq üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

DİN məşhur oteldəki əməliyyatla bağlı məlumat yaydı – VİDEO

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qonşu Rusiyanın daxili turizmin dirçəldilməsi, turistlərin marağının cəlb edilməsi ilə bağlı atdığı bu addım yaxşı təcrübədir: "Rusiya pandemiya dövründə turistlərin marağını daxili turizmə yönəltməyə çalışır. Bu çox cəlbedici təklifdir. Rusiya böyük dövlətdir. Bu ölkə Uzaq Şərqdə turizmin inkişafı üçün işlər görür. Azərbaycan da bu yöndə təkcə Rusiyanın təcrübəsindən deyil, Türkiyə və Gürcüstanın təcrübəsindən istifadə etməlidir. Çünki, məqsəd daxili turizmi dirçəltmək, inkişaf etdirməkdir. Hələlik Azərbaycanda daxili turizmin inkişafı üçün bir iş görülmür".

Ağakərimov deyir ki, Azərbaycanda bu gün daxili turizmə marağı təmin etmək üçün qiymətlərin münasib olması əsas şərtdir: "İllərdir ki, xeyli sayda insan dincəlmək üçün qiymət ucuz olduğu üçün Gürcüstana üz tutur. Bu gün Azərbaycanda turizmin inkişafı üçün aparılan əsas iş məhz qiymət siyasəti olmalıdır. Daxili turizmdə qiyməti münasib etsinlər bu yetərlidir. Həmçinin daxili turizmdə qiymət siyasəti ilə yanaşı, xidmət səviyyəsi yüksək olmalıdır. Bu ikisi bir arada turistə təqdim olunsa, xeyli sayda insan dincəlmək üçün öz ölkəsini seçəcək. Pandemiya dövründə daxili turizmin dirçəldilməsi üçün aparılacaq daha bir zəruri tədbir təhlükəsizlikdir. Turist bilməlidir ki, Qubanın hansısa istirahət mərkəzində təhlükəsiz dincələ bilər. Orada pandemiya dövründə virusa yoluxmayacaq. Bunun üçün turizm məkanlarını pandemiya dövrünə hazırlamaq lazımdır. Turizm məkanları monitorinq edilməlidir. Çox təəssüf ki, sabah sərt karantin götürülərsə, turistlər harada təhlükəsiz dincələ biləcəklərini öyrənə bilməyəcəklər. Çünki, bununla bağlı bir siyahı yoxdur ki, turist açıb o siyahıya baxıb seçimini eləsin. Hələlik görünən odur ki, bizdən başqa əksər qonşularımız daxili turizmin inkişafı üçün xeyli iş görüblər. Bizdə isə bu məsələ yubanır".

Nə turist var, nə qonaq, amma Naftalan nə edəcəyini bilir - FOTO

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daxili turizmi dirçəltmək üçün ixtisaslaşmış yardım paketləri olmalıdır. Ekspert bildirir ki, ilk addım turizm sektorunu xilas etmək olmalıdır: "Pandemiya dövründə turizm ən çox ziyan çəkmiş sahədir. Turizm məşğuluğun ən yüksək olduğu sektor olduğundan bu sahədə ixtisaslaşmış paket olmalıdır. Dövlət kommersiya banklarına tövsiyyə edib ki, pandemiyadan zərər çəkən sahələrdə kreditlərə güzəşt olmalı, güzəştli kreditlərə çıxış asanlaşdırılmalıdır. Amma kommersiya bankları kreditlərin faizini əvvəlki kimi tələb edirlər. Hətta cərimə, dəbbə pulunu da hesablayırlar".

S. Dübəndinin sözlərinə görə, hazırda turizmdə gəlir yoxdur. Uzaqbaşı kredit alan sahibkarlıq subyekti kredit borcunu bağlayacaq: "Turizmin inkişaf mexanizmini müəyyən müddətə unudub turizmi xilas etmək lazımdır ki, işçiləri saxlaya bilək. Biz ayrılan maliyyə yardımı ilə işçilərin bir aylıq məvacibini ödəyə bilmişik. Turizm şirkətlərinə, qonaqpərvərlik sənayesinə dəstək göstərilməlidir. Bu sahədə çalışan sahibkarların götürdükləri kreditləri müəyyən müddətə dondurmaq lazımdır. İşi olmayan müəssisənin o krediti ödəmək imkanı yoxdur. Amma bu gün banklar faiz hesablamaqda davam edirlər".