RUSİYA

Ankarayla Moskvanın bu qərarı ABŞ-ı hiddətləndirəcək - NATO üçün yeni başağrısı

Amerikalılar türkiyəli tərəfdaşlardan sövdələşmədən imtina etməyi və "Patriot" kompleksləri əldə etməyi tələb ediblər.
Sputnik

BAKI, 23 iyul — Sputnik. Rəsmi Moskva Türkiyənin əlavə olaraq Rusiya istehsalı olan S-400 zenit-raket kompleksləri alması üçün heç bir maneə görmür. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson bildirib.

"Türkiyənin əlavə S-400 "Triumf" zenit-raket kompleksləri almaq imkanına gəldikdə, biz Türkiyə tərəfi ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində formalaşan pozitiv təcrübənin inkişafı üçün maneə görmürük", - deyə Plipson qeyd edib.

Qeyd edək ki, S-400-ün tədarükü ötən yay başlayıb və Ankara ilə Vaşinqton arasında gərginliyin artmasına səbəb olub. Amerikalılar türkiyəli tərəfdaşlardan sövdələşmədən imtina etməyi və "Patriot" kompleksləri əldə etməyi tələb ediblər, eləcə də Türkiyəni F-35 qırıcısının birgə istehsalı proqramdan xaric etməklə hədələyiblər. Ankara bu təzyiqlərə tab gətirib, güzəştə getməkdən imtina edib və dəfələrlə "Triumf"un NATO-ya heç bir təhlükə yaratmadığını vurğulayıb.

Rusiya keçən noyabr ayında S-400-ün dörd divizionunun Türkiyəyə göndərilməsi üçün 2,5 milyard dollarlıq müqaviləni yerinə yetirib. 2020-ci ilin iyununda Ankara ilə Moskva "Triumf"un ikinci dəstinin (alayının) tədarükünə dair prinsipial razılığa gəliblər. Bununla yanaşı, Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Demir bildirib: "S-400 sistemi istifadə üçün alınır. Nöqtə".

Birləşmiş Ştatlar isə əvvəlki kimi "Triumf"u Türkiyə torpağından çıxarmaq üsulunu axtarır: onu Türkiyədən almağı, Amerika kompleksləri ilə əvəz etməyi təklif edir və yeni sanksiyalarla hədələyir.