Öz əlimizlə özümüzə quyu qazırıq! Düşünmədən icazə verdiklərimiz başımıza bəla olar

"Həmin evdə neçə nəfər varsa, onların hər birinin sağlamlıq məsələsi çox önəmlidir. Ona görə də tibbi maskadan istifadə etməli, evdəki digər şəxslərlə sosial məsafəni qorumalıdır" – Baş infeksionist
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilib. NK-nın "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Qərarına əsasən bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər"in tələblərinə uyğun həyata keçirilir. Qərarda da qeyd edilib ki, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmətə icazə verilir. Sputnik Azərbaycan kosmetik xidmətlərin evlərdə və digər məkanlarda həyata keçirilməsinə icazənin virusa yoluxmaya təsirini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kosmetik xidmətlərin evlərdə və digər məkanlarda həyata keçirilməsinə icazənin verilməsi virusun yayılmasını artıra bilər. Baş infeksionist bildirib ki, hətta bərbərxana və gözəllik salonları da tez-tez dezinfeksiya olunmalıdır. Ev şəraitində dezinfeksiya işlərinin aparılması isə ümumiyyətlə olmayacaq.

C.İsayev onu da qeyd edir ki, TƏBİB-in hazırladığı digər tövsiyələrə də əməl edilməlidir: "Amma evlərdə bu tələblərə əməl edilib-edilməyəcəyi sual altındadır. Əgər bərbər xidməti müştərinin evində göstərirsə, bu zaman gigiyenik qaydalara əməl etməlidir. Nəzərə almalıdır ki, o artıq bir müştəri qəbul etmir. Həmin evdə neçə nəfər varsa, onların hər birinin sağlamlıq məsələsi çox önəmlidir. Ona görə də tibbi maskadan istifadə etməli, evdəki digər şəxslərlə sosial məsafəni qorumalıdır".

C.İsayev deyir ki, əks halda, evdə kosmetoloji xidmət koronavirusa yoluxmaya səbəb ola bilər.

Baş infeksionist deyir ki, salonlarda da müştəri qəbulunda say amilinə ciddi əməl edilməlidir: "Tutaq ki, bir gözəllik salonunda dörd nəfər işçi var. Bu ustaların hərəsi bir müştəri qəbul etsə, gözəllik salonunda 8 nəfər olur. Gözəllik salonlarının çoxunun sahəsi kiçik olur. Ən azından bu məkanlara müştərilərin yanında gələn şəxslər buraxılmamalıdır. Əks halda, yoluxma sayı yenidən arta bilər".

Qeyd edək ki, iyulun 20-dən etibarən xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.