İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 21 iyul — Sputnik. Türkiyədə təhsilin üçnövbəli olması barədə müzakirələr aparılır. Türkiyə Təhsil Nazirliyi uşaqların dərslərdən geri qalmaması və eyni zamanda sağlam olması üçün bu məsələ üzərində çalışır.
Bəs Azərbaycanda vəziyyət necədir? Dərslər sentyabrdan başlaya bilərmi?
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında koronavirus pandemiyasının dünyada təhsil sistemlərinə təsirsiz ötüşmədiyini xatırladıb. Bununla belə, bir sıra ölkələr yeni tədris ilinin başlaması barədə proqnozlar veriblər. Azərbaycana gəlincə, ekspert ölkəmizdə dərslərin sentyabrda başlayacağına inanmır.
O, hesab edir ki, dərslər həftə içində hər gün olmamalıdır. 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə həftənin 1-3-5-ci günləri, digər siniflər isə 2-4-6-cı günləri getməlidir. Bu zaman sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bunun alternativi isə distant təhsildir:
"Ölkədəki 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi hesabına planşetlər verilməli, bütün şagirdlərə distant – online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Belə olan halda, dərslər sentyabrın 1-dən başlaya bilər".
Əsədov həmçinin dərs saatlarının azaldılmasını da təklif edir. Onun fikrincə, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqə müəyyən edilməlidir. Yaxın fənnlər birləşdirilərək inteqrativ dərslərə üstünlük verilməlidir.
"Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. Məktəblər üçnövbəli sistem üzrə fəaliyyət göstərməlidir. I növbə saat 08:00-dan 10:00-dək ibtidai siniflər üçün, II növbə saat 10:30-dan 13:30-dək V-VIII siniflər üçün təşkil edilməlidir. III növbə saat 14:00-dan 17:00-dək IX-XI siniflər üçün nəzərdə tutulmalıdır", - ekspert təklif edib.
Onun fikrincə, bütün hallarda sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. İbtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan vermək olmaz. Üstəlik, zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir.
Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, tədris ilinin sentyabrda açılıb-açılmayacağı hələ sual altındadır. Karantin rejiminin nəticələri müsbət olsa, yaxşıya doğru getsə, təhlükə kifayət qədər ciddi olmasa, dərslərin ənənəvi formada başlanmasından söhbət gedə bilər.
"İctimai Şura Təhsil Nazirliyi ilə birlikdə vəziyyəti müşahidə və analiz edir. Hazırkı durumda heç bir qurum sentyabrın 15-də vəziyyətin necə olacağını deyə bilməz. Əgər vəziyyət dəyişməsə, təhlükə davam etsə, təbii ki, biz yenə də ənənəvi dərslərə alternativləri ortaya qoymalıyıq. Ölkə başçısı "Microsoft" şirkətinin vitse-prezidenti ilə görüşdə də bildirdi ki, biz ən çətin situasiyalara hazır olmalıyıq. Ölkə əhalisinin sağlamlığı iqtisadiyyatdan da, təhsildən də öndədir. Azərbaycan insanı üçün təhlükə olmasa, dərslər vaxtında başlanacaq. Əks təqdirdə, təhsildə fasilənin olmaması üçün mütləq şəkildə digər resurslarla davam etmək lazım gələcək".
Ekspert vurğulayıb ki, orta məktəblər üçün teledərslər davam edəcək. Digər tərəfdən, virtual məktəb platformasının davam etdirilməsi məqsədəuyğun hesab edilir. Növbəti tədris ilində ənənəvi dərslərə başlamaq mümkün olmasa, məsafədən təhsillə bağlı tədbirlər görüləcək.
"Ali təhsil müəssisələrinə gəlincə, ekspert bildirib ki, hazırda onları distant təhsilə tam şəkildə keçirmək mümkün olmayıb, bu sahədə qüsurlar var. Amma ali təhsil müəssisələrinin öz hesabına distant və məsafədən təhsil proseslərini həyata keçirmək mümkün olub. Bir neçə ali təhsil müəssisələri (məsələn, UNEC, ADA, UFAZ, Aqrar Universiteti) var ki, onlar bu istiqamətdə ciddi uğurlar əldə edə biliblər. Təhsil məsafədən davam etdirilsə, əminəm ki, həmin universitetlər növbəti təhsil ilində daha yaxşı nümunələr ortaya qoyacaqlar. Bu ali təhsil ocaqlarında onlayn dərslər ən müasir şəkildə tətbiq edilib", - deyə Orucov bildirib.
O əlavə edib ki, Almaniya, Türkiyə kimi ölkələr artıq ənənəvi dərslərin keçirilməsinə qərar verib. Əgər Azərbaycan vətəndaşları da pandemiya ilə bağlı qaydalara daha məsuliyyətli yanaşsalar, məktəblilər də nizam-intizama ciddi riayət etsələr, vəziyyət yaxşılaşacağı təqdirdə, dərsləri başlaya biləcəyik.