DSX polkovnikinin ölümü ilə bağlı rəsmi məlumat verildi

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Şahin Mirzəyev vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Sputnik

BAKI, 21 iyul — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnikinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 20-də saat 8 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Şahin Mirzəyev vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.

Araşdırma aparılır.