Bəhram Bağırzadə artıq ayağa qalxıb gəzir, lakin...

"Lakin dünən axşamdan etibarən bədən hərarəti yüksəldiyindən müalicəsinə yeni əlavələr olub" - Bəxtiyar Musayev
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı məlumat verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Əməkdar artistin səhhətində müəyyən irəliləyişlər olub: "Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağırdır, huşu aydındır. Fəaldır, ayağa qalxır, palatada və reanimasiyada gəzişir. Lakin dünən axşamdan etibarən bədən hərarəti yüksəldiyindən müalicəsinə yeni əlavələr olub".

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. İyulun 2-də o, ECMO-dan ayrılıb.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.