CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik 2 milyard manata ev tikilməsi məsələsinə aydınlıq gətirdi

290 fərdi evin tikintisi üçün guya 2 milyard manata yaxın pul xərcləyəcəyi barədə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir
Sputnik

BAKI, 20 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə əlilləri üçün 290 fərdi evin tikintisinə guya 2 milyard manata yaxın pul xərcləyəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Səhiyyə Nazirliyi və ƏƏSMN "bala-bala" yeyirmişlər - Hesablama Palatası

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov özünün "Facebook" profilində məlumat paylaşıb. Nazirlik rəsmisi həmin paylaşımda yayılan məlumatların əsassız olduğunu bildirib:

"Saytlardan birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 290 fərdi evin tikintisi üçün guya 2 milyard manata yaxın pul xərcləyəcəyi barədə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir.

Əslində həmin məbləğ 19 milyon 884 min 431 manatdır. Nazirlik bu sahədə də büdcə vəsaitlərinin daha qənaətli istifadəsi üçün 274 fərdi ev üçün ayrılmış həmin vəsait hesabına bundan daha çox, 290 fərdi evin tikilməsini təmin edəcək. Bu barədə tender.gov.az saytında da rəsmi məlumat var.

Lakin fərdi evlərin tikintisi işlərinin satın alınması üçün müvafiq saytda dərc edilmiş tender müqaviləsinin maliyyə göstəricisi qeyd edilərkən texniki yanlışlığa yol verilib və tam işarəsini bildirən vergül qeyd edilmədiyindən "19884431,31" rəqəmi "1988443131" kimi göstərilib.

Saytla əlaqə saxlanılaraq, real məbləğ bildirilsə də, sayt yanlış məlumatı əks etdirən başlığı saxlamaqla oxucularına yalan məlumat verməkdə davam edir".