BAKI, 19 iyul – Sputnik. Bollivud ulduzu Ayşvarya Ray və onun qızı təcili surətdə xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan CNN-ə istinadla xəbər verir ki, bu həftə aktrisa və qızında koronavirus infeksiyası aşkarlanıb. Vəziyyətləri pisləşincə, onları xəstəxanaya yerləşdiriblər.
Hindistan hökumətinin yaydığı məlumata görə, Hindistanın ən məşhur aktrisasını və onun qızını Mumbayda xəstəxanaya aparıblar. Bundan başqa, artistin digər ailə üzvlərində - ərində (Abhişek Baççan) və qaynatasında (Amitabh Baççanın) da virus aşkarlanıb. Onları da Mumbay xəstəxanasına yerləşdiriblər.
Ayşvariya Ray Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççanla evlidir. Onların Aaradya adlı qızları var. Hollivudda da uğurla filmlərə çəkilən Ayşvarya həm də modeldir. O, 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi seçilib.
Son məlumatlara görə, Hindistanda qeydə alınmış COVID-19 hallarının sayı 1 milyon nəfəri ötüb, 650 mindən çox insan sağalıb, 26 mindən çox xəstə isə dünyasını dəyişib.