RUSİYA

Sergey Şoyqu Zakir Həsənova telefonda nə deyib – Detallar açıqlandı

Müdafiə naziri ordu generalı Sergey Şoyqu Müdafiə Nazirliyinin rəhbər heyəti ilə keçirilən müşavirədə bildirib ki, bunun üçün 149 mindən çox adam və 26,8 mindən çox texnika cəlb edilib.
Sputnik

BAKI, 18 iyul — Sputnik. Rusiya Müdafiə naziri Sergey Şoyqu bu gün telefonla Azərbaycandan olan həmkarı Zakir Həsənovla danışıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə hərbi-diplomatik mənbə bildirib.

"Bu gün səhər saatlarında rəsmi bakının təşəbbüsü ilə Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı baş tutub. Söhbət zamanı hər iki ölkənin hərbi qurumları arasında qarşılıqlı münasibətlər və əməkdaşlığa dair müxtəlif məsələlər müzakirə olunub", - deyə mənbə agentliyə bildirib.

Bölgədə vəziyyət gərginləşəcək? - Putin Qafqazdakı qoşunlarda qəfil yoxlama elan edib

Mənbə bildirib ki, Şoyqu iyunun 17-isi qəfil başlayan təlimlərlə bağlı Həsənovu məlumatlandırıb: "Rusiyalı nazir vurğulayıb ki, bu təlimlər planlı olub və Azərbaycan – Ermənistan sərhədində baş verənlərlə bağlılığı yoxdur".

Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Cənubi və Qərbi hərbi dairələrin qoşunlarının qəfil yoxlanışını elan edib.

Qoşunların ölkənin cənub-qərbində təhlükəsizliyi təmin etmək qabiliyyətini və sentyabrda keçiriləcək "Qafqaz-2020" təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək planlaşdırılır.

Müdafiə naziri ordu generalı Sergey Şoyqu Müdafiə Nazirliyinin rəhbər heyəti ilə keçirilən müşavirədə bildirib ki, bunun üçün 149 mindən çox adam və 26,8 mindən çox texnika cəlb edilib.

"Yoxlama zamanı qoşunların 56 taktiki səviyyəli təlim keçirməsi nəzərdə tutulub. 35 poliqon və tədris sahəsi, Qara və Xəzər dəniz akvatoriyalarında 17 dəniz poliqonu cəlb ediləcək. Ümumilikdə yoxlamaya 149 min 755 nəfər, 26 min 820 ədəd silah və hərbi texnika, 414 uçuş aparatı, 106 gəmi və təchizat gəmisi cəlb olunub", – o deyib.

Bundan başqa, mərkəzi tabeçiliyi olan ayrı-ayrı birləşmələrin, həmçinin Şimali və Sakit okean donanmalarının hava-desant qüvvələrinin və dəniz piyadalarının yoxlanışı da keçiriləcək.