CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayraqları bayraq edən üstündəki... rəngdir! And yerimizin hazırlandığı məkandan REPORTAJ

İstehsal sahəsinin sahibi deyir ki, bayraq hazırlamaq üçün parçalar Türkiyədən, rəng və digər lazımi məhsullar isə həm Türkiyə, həm də Rusiyadan gətirilir.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. 1918-ci il mayın 28-də Milli Şura Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi. Elə həmin ildə Məhəmməd Əmin Rəsulzadənin banisi olduğu cümhuriyyətin, müasir Azərbaycanın 3 rəngli bayrağı yaradıldı.

Bir əsrlik tarixi olan bayraq bu gün də bizim qürur yerimiz, qürur mənbəyimizdir. Zəfər və ən çətin günlərimizdə belə, bu bayraq bizim silahdaşımız olub. Son günlər cəbhədə gedən döyüşlər insanları yenidən torpaqların qaytarılacağına ruhlandırdı. Bu əzmin, mübarizənin, meydanlardakı canfəşanlığın əsas simvolu isə qürur mənbəyimiz olan üçrəngli bayrağımız oldu. Bu gün insanlar ordumuza dəstəyini nümayiş etdirmək üçün eyvanlardan Azərbaycan və Türkiyə bayraqlarını asır.

Sputnik Azərbaycan-ın əməkdaşı ölkəmiz adına ən qürurlu işə imza atan, ölkənin aparıcı bayraq istehsalçısı olan "Azəratribut" MMC-də olaraq buradakı proseslə tanış olub.

Bayraqları bayraq edən üstündəki... rəngdir! And yerimizin hazırlandığı məkandan REPORTAJ

Öncədən tikiş işində çalışan "Azəratribut" MMC-nin təsisçisi Məlahət Kəlbiyeva artıq 10 ildir ki, bayraq istehsalı ilə məşğul olduqlarını söyləyir. Onun bu işə maraq göstərməsinin əsas səbəblərindən biri bayraq sevgisi, vətənpərvərlik, digəri səbəb isə bu sahədə boşluğun olması, tələbatın isə yüksəkliyi olub: "Təzə-təzə bu işə başlayanda bir qədər çətinliklərimiz oldu. Öncə bir, sonra bir neçə aparat aldıq, yeni texnika mənimsədik. Biz bu işə başlayanda bayrağa böyük tələbat olsa da, bu tələbat lazımınca ödənmirdi".

"Bayrağa hər zaman tələbat var. Xüsusən də Müdafiə Nazirliyi və digər dövlət qurumlarından daim sifarişlərimiz olur. Bu qurumların hamısı ilə müqaviləli şəkildə işləyirik. Lakin bəzən baş verən hadisə ilə əlaqədar olaraq da təxirəsalınmaz sifarişlərimiz olur. Məsələn, bir neçə gün öncə başlayan döyüşlərlə əlaqədar olaraq Müdafiə Nazirliyindən bizə yeni sifariş verildi. Bundan başqa, dövlət qurumları ilə yanaşı özəl şirkətlər, reklam şirkətləri də bizimlə sıx işləyir", - deyə həmsöhbətimiz əlavə edib.

Bayraqları bayraq edən üstündəki... rəngdir! And yerimizin hazırlandığı məkandan REPORTAJ

İşdən qürur duyduğunu deyən Məlahət xanım bayraq istehsalında istifadə olunan lazımi avadanlıqların gətirildiyi ölkələrdən da danışır. Onun sözlərinə görə, parçalar Türkiyədən, rəng və digər lazımi məhsullar isə həm Türkiyə, həm də Rusiyadan gətirilir: "Bayraq istehsalında, hazırlanmasında istifadə olunan rənglərdən yerli istehsalda yoxdur. Bizim üçün əsas olan sublin kağızları isə ya Türkiyədən gətiririk, ya da Rusiyadan. Rusiya ilə müqayisədə Türkiyədən daha ucuz əldə edirik".

"Bayraqdan bayrağa fərq var. Elə bayraq var ki, onu tez bitiririk. Elə bayraq da var ki, müəyyən zaman alır. Elə olur ki, günə 700-800 masaüstü bayraq hazırlayırıq. Bu iş çətin olmasa da, vaxt aparan işdir. Elə bayraq da var ki, o hazırlanaraq 3 mərhələdən keçir. Öncə bayraq subrimə vurulur. Bundan sonra digər sexdə 200 dərəcədə istidə kalandrlarda kağızla birgə vurulur və rəng keçir parçaya. Bu parça yağışa, günəşə, hər şeyə dözümlüdür, rəngi solmur. Daha sonra hazır məhsul tikiş sexinə gəlir və burada tikişə verilir, hazırlanır. Hər bir bayrağın keyfiyyətinə ayrılıqda baxılır və yalnız bundan sonra paketlənir", - deyə sex rəisi Eldar Paşayev həmsöhbətimizin fikrinə əlavə edib.

Bayraqları bayraq edən üstündəki... rəngdir! And yerimizin hazırlandığı məkandan REPORTAJ

Burada həmçinin Azərbaycanın müxtəlif tarixlərini əks etdirən bayraqlar da istehsal olunur. Sexdə istehsal olunmuş ayrı-ayrı xanlıqların bayraqlarını da görmək mümkündür. Həmsöhbətimizin dediyinə görə, xanlıqlar arasında ən çox maraq göstərilən, alınan bayraq da İrəvan xanlığına məxsusdur. Xüsusən də xaricə gedənlər tariximizi əks etdirmək üçün İrəvan xanlığının bayrağını alaraq özləri ilə aparırlar.

Onların işi isə ilk baxışdan göründüyü kimi elə də asan deyil. E.Paşayev deyir ki, bəzən sifarişlər olub, amma kağız olmadığından, oturub kağız gözləyiblər.

"Azəratribut"da kütləvi satışla yanaşı tək satışları da həyata keçirilir: "Olub ki, xaricdə təhsil alan tələbə gəlib bayraq istəyib. Biz ona necə yox deyə bilərik ki?! Axı bu bayraqdır".

Sex rəisi deyir ki, mövcud pandemiya şəraiti onların da işinə mənfi təsir edib: "Koronavirusla əlaqədar olaraq bu gün işçilərin 30 faizi burda deyil. Bu səbəbdən sifarişləri vaxtında çatdırmaq üçün daha çox çalışırıq. Bir günə 20-30 sifarişimiz olur. Bəzən lap çox olur, bəzən gecəyədək işləməli oluruq". 

Bayraqları bayraq edən üstündəki... rəngdir! And yerimizin hazırlandığı məkandan REPORTAJ

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində demək olar ki, paraddakı bütün bayraqlar da "Azəratribut" MMC tərəfindən hazırlanıb. Bundan başqa, müxtəlif xarici oyunlara ev sahibliyi etdiyimiz müddətdə də bayraq tələbatı ərazisində olduğumuz MMC tərəfindən qarşılanıb. Eyni zamanda da "Azəratribut" MMC-ə bunadək müxtəlif ölkələrdə təşkil olunmuş tədbirlər üçün çoxsaylı bayraqlar sifariş verilib ki, bunlar arasında yalnız Azərbaycan deyil, digər ölkələrin də bayraqları yer alır.

Bölgələrdəki bayraq muzeyləri də 33 ədəd olmaqla "Azəratribut" MMC-dən Azərbaycan tarixini əks etdirən bayraqlar hədiyyə alıblar.

Sexdə müxtəlif ölçülü bayraqlar hazırlanır. 16x8 ölçüdə də bayraqlar, yaxud da çox kiçik ölçüdə olan bayraqlar istehsal olunur. Qiymətlər isə yalnız ölçüyə görə dəyişir. Lakin sifariş artdıqca qiymət düşür.

"Ukrayna, İngiltərə bayrağına da böyük maraq var. Biz sərgilərə gedəndə özümüzlə müxtəlif ölkələrin bayraqlarını da aparırdıq. Eyni zamanda da futbol komandaları, klubların da bayraqları burada hazırlanır", - deyə M.Kəlbiyeva əlavə edib.

Bayraqları bayraq edən üstündəki... rəngdir! And yerimizin hazırlandığı məkandan REPORTAJ

Lakin burada sırf bayraq deyil, parça üzərində sifarişə uyğun olaraq digər çap işləri də görülür. Lakin əsas iş bayraq istehsalıdır. E.Paşayev deyir ki, son günlər isə bayrağımıza tələbat artıb: "Hər kəs istəyir ki, onun da evində bayrağımız olsun".

Burada ən qabaqcıl ölkələrin istehsalı olan ən müasir texnikalardan istifadə olunur. Onların arasında qiyməti 22 min olan Yaponiya və Koreya istehsalı olan aparatlar da var. İstifadə olunan rənglərin bir litri isə 80 avrodur. Burada yalnız bahalı və keyfiyyətli məhsullardan istifadə olunduğundan istehsal olunan məhsul da davamlı olur.

Söhbət çərçivəsində bayrağın istehsal prosesi ilə də tanış olduq. Istehsal prosesi burada 3 sexdə aparılır. Öncə fayllar işlənir. Sonra aparatla fayllar parçaya vurulur, rənglənir. Bir aparatda ploterdə rəng sublim kağıza vurulur. Bundan sonra digər sexdə parça ilə kağız üst-üstə kalandra, yəni isitmə aparatına salınır. Yəni, burada rəng bişir və kağızdan parçaya keçir. Beləcə bir üzü rəngli hər iki parça sexdə bir-birinə tikilir. Digər aparat isə bir parçanı hər iki üzdə rəngləyir.