BAKI, 17 iyul — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya ordusunun ən yeni zirehli avtomobili "Strela" saatda 155 km-dən çox sürət yığa bilir. Avtomobili yaratmış "Hərbi-Sənaye Şirkəti" (HSŞ) adlı müəssisənin Baş direktoru Aleksandr Krasovitski RİA Novosti-yə bildirib ki, "Strela"nın Rusiyada analoqu yoxdur.
Bu texnika AK-74 və AKM avtomatlarından, SVD tüfənglərindən açılan atəşə tab gətirə bilir. Mina əleyhinə müdafiə təkərin altında trotil ekvivalentində iki kiloqrama qədər gücü olan minanın və ya partlayıcı qurğunun partlaması zamanı ekipajın həyat salamatlığına zəmanət verir. Maşının kütləsi 4,7 tondur – onu taktiki hava desantının tərkibində Mi-8 (Mi-17) helikopterində xarici asqısı ilə nəql etmək mümkündür. Müqayisə üçün "Tiqr" zirehli avtomobili iki dəfə ağırdır və trotil ekvivalentində 600 qrama qədər partlayışa tab gətirir.
Kənardan "Strela" müasir zirehi və gövdəsi sayəsində güclü partlayıcı cihazlardan müdafiə olunur. Daxilində isə partlayıcı dalğa zərbəsini kompensasiya edən oturacaqlar quraşdırılıb. Rusiyanın bu ən yeni zirehli avtomobillərinin Suriyada tətbiqi bu tip konstruksiyanın etibarlılığını göstərib, partlayışlar insan ölümünə səbəb olmayıb.
"Strela" yüngül zirehli avtomobil xüsusi bölmələrin əməliyyat-xidməti fəaliyyətinin, insanların və müxtəlif yüklərin daşınmasının təmin edilməsi üçün nəzərdə tutulub. Kabinədə sürücü daxil olmaqla səkkiz nəfər yerləşir. Modul silah komplekslərinin və xüsusi avadanlıqların quraşdırılması imkanı nəzərdə tutulub. Döyüş maşını yalnız Rusiya materialları və komponentlərindən hazırlanır.
İstehsalçı şirkətin nüfuzu dünyanın ən sürətli zirehli avtomobili olan "Strela"nın yüksək keyfiyyətinə və onun beynəlxalq bazarda əhəmiyyətli ixrac potensialına zəmanət verir.
Sürətli "Strela" avtomobili mütləq hərbçilərin ürəyincə olacaq, çünki yüksək hərəkətlilik bölmələrin döyüş sabitliyinin əsasını təşkil edir. Şosedə zirehli avtomobil saatda 155 km-ə qədər sürətlənir, yolsuzluqda isə saatda 80 km onun üçün limit deyil. Maşının konstruksiyasına quraşdırılmış perspektivli qovşaqlar və aqreqatlar mülki avtomobil sənayesinin kütləvi istehsalında mənimsənilə bilər ki, bu halda Rusiyada geoloqların, turistlərin və balıqçıların arzusu olan bir krossover yaranacaq.
Xüsusi təyinatlı bolidlər
Zirehli avtomobillərin geniş spektrinin döyüş meydanında əhəmiyyəti tamamilə aydındır. Müxtəlif siniflərə aid və müxtəlif imkanları olan avtomobillər qoşunlara vəzifələrini yerinə yetirməyə, vəziyyətə nəzarət etməyə, düşməni atəş və manevrlə əzməyə imkan verir.
Təsadüfi deyil ki, müasir beynəlxalq silah bazarı "Stryker" (ABŞ), LAV (Kanada), VBCI (Fransa), "Boxer" (Almaniya, Hollandiya), "Pandur" (Avstriya), "Pars" (Türkiyə) zirehli nəqliyyat vasitələri ilə doludur. Hər il milyardlarla dollar bu sektorda dövriyyə edir və Rusiyanın müdafiə sənayesi kompleksi on illərlə davamlı olaraq bu sahədə liderlik edib. Yalnız 2010-2017-ci illərdə 1,48 milyard dollar məbləğində 1206 ədəd Rusiya avtomobili satılıb.
Yeni zirehli avtomobillər Rusiya müdafiəsinin mövqelərini daha da möhkəmləndirəcək. "Strela"nın ən yaxın rəqiblərinin siyahısı o qədər də böyük deyil. Müqayisə üçün oxşar bir neçə sürətli yüngül zirehli avtomobili nəzərdən keçirək.
"Renault Sherpa II" taktiki avtomobili yolsuzluq şəraitində missiyalar üçün nəzərdə tutulub. Müxtəlif quruluşlara malikdir, müxtəlif siniflərin döyüş modullarını (pulemyot və qumbaraatan) daşıyır. "Sherpa II" zirehli avtomobili 4,7 litrlik 215 at gücü olan mühərriklə təchiz olunub və saatda 120 km-ə qədər sürətlənir.
İsrailin "Plasan" şirkətinin zirehli "SandCat" minaya davamlı patrul avtomobili aşağından mina partlayışlarına qarşı əlavə müdafiəni təmin edən amortizasiyalı oturacaqlarla təchiz edilib. Korpusdakı altı yuva desanta şəxsi silahdan atəş açmağa imkan verir. "SandCat" avtomobilinin 6,7 litrlik 330 at gücü olan səkkiz silindrli mühərriki var. Zirehli maşının maksimal sürəti saatda 120 km-dir.
Avstraliya ordusunun "Hawkei" zirehli avtomobili ballistik təhlükələrə qarşı yüksək səviyyədə müdafiəni təmin edir. Zirehli texnikanın üzərində məsafədən idarə olunan silah stansiyası (5,56 mm, 7,62 mm və 12,7 mm çaplı pulemyotlar, avtomatik 40 mm çaplı qumbaraatanlar və tank əleyhinə raketlər) quraşdırılıb. "Hawkei" altı silindrli dizel mühərriki ilə təchiz olunub və saatda 130 km sürəti yığır.
"General Dynamics" şirkətinin yüngül zirehli "Flyer" avtomobilləri ABŞ ordusunun xüsusi əməliyyatlarına komandanlıq etmək üçün "Humvee" avtomobili əsasında yaradılıb. Kəşfiyyat, reyd, hücum, evakuasiya və digər missiyalar üçün istifadə edilə bilər. "Flyer" 360 dərəcə əhatəsi olan silah sistemi ilə təchiz olunub. Avtomobilin qülləsində 12,7 mm çaplı pulemyot quraşdırılıb. Zirehli avtomobil 1,9 litrlik 150 at gücünə malik mühərrikilə təchiz olunub və saatda 135 km-ə qədər sürətlənə bilir. Güman edirəm ki, bu sürət "Flyer"in mümkün qədər yüngül versiyası (zirehsiz) üçün mümkündür.
Cənubi Afrikanın "Paramount Group" hərbi sənaye qrupunun yüngül zirehli maşını "Mbombe-4" yeni nümunədir və ilk dəfə IDEX-2019 sərgisində təqdim olunub. 10 nəfərlik tutuma və 4x4 təkər formuluna malikdir. Patrul vəzifələrini yerinə yetirə, döyüş əməliyyatlarında iştirak edə bilər. Avtomobilin zirehli korpusu 14,5 mm çaplı iri kalibrli patronlardan, həmçinin yan tərəfdən mina partlayışlarından ballistik müdafiəni təmin edir. Avtomobil 457 at gücündə altı silindrli dizel mühərriki ilə təchiz olunub, saatda 140 km-ə qədər sürət yığa bilir. Bu avtomobil maksimal sürəti saatda 155 km olan "Strela"nın ən sürətli rəqibidir.
Görünür bu virtual yarışımızda "Strela" nəzərəçarpacaq dərəcədə irəli çıxır. Bu da təsadüfi deyil.
"Hərbi-Sənaye Şirkəti" Rusiyada təkərli zirehli texnikanın ən iri istehsalçısıdır. Şirkət zirehli maşınlarını Rusiya Federasiyasının quru qoşunlarına və dünyanın 40-dan çox ölkəsinə göndərir. Şirkətin ən məşhur layihələri arasında "Tiqr" zirehli avtomobil modelləri ailəsi və "Bumeranq" perspektivli platforma var. Onun bütün məhsulları sərt döyüş şəraitində (o cümlədən Suriyada) yoxlanılır və razılaşdırılmış müddət ərzində zəmanət xidmətində olur.
Qeyd edək ki, Rusiyanın silah istehsalçıları həmişə tırtıllı zirehli texnika sahəsində "qanunverici" hesab olunublar, lakin "Hərbi-Sənaye Şirkəti" uzun müddətdir ki, yalnız təkərli texnika istehsalı sahəsində ixtisaslaşıb. Belə bir ciddi "ailə"də uğursuzlar anadan olmur və "Strela" yüngül zirehli avtomobilini qoşunlarda, döyüşdə və beynəlxalq silah bazarlarında böyük bir gələcək gözləyir.