RUSİYA

Tovuz hadisələri dünya nəhənginin rəhbərliyinin müzakirə masasında

Xatırladaq ki, iyulun 12-dən başlayaraq Ermənistan tərəfi Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində hərbi təxribatlar törədib.
Sputnik

BAKI, 17 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan və Azərbaycan sərhədində vəziyyəti müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov videokonfrans formatında baş tutan iclasın yekunları barədə danışarkən bildirib.

"Ermənistan-Azərbaycan sərhədində vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Davam edən eskalasiya ilə əlaqədar həddən artıq narahatlıq ifadə edilib, tərəflərin təcili olaraq atəşkəs rejimini təmin etməsinin vacibliyi və vasitəçiliyə hazırlıq vurğulanıb", - deyə Peskov vurğulayıb.

Bundan əlavə, prezidenti Təhlükəsizlik Şurasının üzvlərini Abu-Dabinin varis şahzadəsi Məhəmməd Əl-Nahyan, Almaniya kansleri Angela Merkel və İran Prezidenti Həsən Ruhani ilə baş tutan danışıqları barədə məlumatlandırıb.

Görüşdə parlamentin hər iki palatasının spikerləri - Valentina Matviyenko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili İşlər naziri Vladimir Kolokoltsev və Xarici İşlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, digər rəsmilər iştirak ediblər.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq Ermənistan tərəfi Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində hərbi təxribatlar törədib.