RUSİYA

Bölgədə vəziyyət gərginləşəcək? - Putin Qafqazdakı qoşunlarda qəfil yoxlama elan edib

Qoşunların ölkənin cənub-qərbində təhlükəsizliyi təmin etmək qabiliyyətini və sentyabrda keçiriləcək "Qafqaz-2020" təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək planlaşdırılır.
Sputnik

BAKI, 17 iyul — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Cənubi və Qərbi hərbi dairələrin qoşunlarının qəfil yoxlanışını elan edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, qoşunların ölkənin cənub-qərbində təhlükəsizliyi təmin etmək qabiliyyətini və sentyabrda keçiriləcək "Qafqaz-2020" təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək planlaşdırılır.

Müdafiə naziri ordu generalı Sergey Şoyqu Müdafiə Nazirliyinin rəhbər heyəti ilə keçirilən müşavirədə bildirib ki, bunun üçün 149 mindən çox adam və 26,8 mindən çox texnika cəlb edilib.

"Yoxlama zamanı qoşunların 56 taktiki səviyyəli təlim keçirməsi nəzərdə tutulub. 35 poliqon və tədris sahəsi, Qara və Xəzər dəniz akvatoriyalarında 17 dəniz poliqonu cəlb ediləcək. Ümumilikdə yoxlamaya 149 min 755 nəfər, 26 min 820 ədəd silah və hərbi texnika, 414 uçuş aparatı, 106 gəmi və təchizat gəmisi cəlb olunub", – o deyib.

Bundan başqa, mərkəzi tabeçiliyi olan ayrı-ayrı birləşmələrin, həmçinin Şimali və Sakit okean donanmalarının hava-desant qüvvələrinin və dəniz piyadalarının yoxlanışı da keçiriləcək.