BAKI, 16 iyul — Sputnik. "Birinci rübdə strateji ehtiyatlarımız bir qədər azalsa da, ikinci rübdən bərpa prosesi sürətləndi. Hazırda bizim strateji valyuta ehtiyatlarımız demək olar ki, ilin əvvəlinə olan səviyyədədir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərkən deyib.
E.Rüstəmov bildirib ki, xarici şok şəraitində bizim valyuta bazarımız əhəmiyyətli spekulyativ hücuma məruz qaldı: "Lakin vaxtında görülən tədbirlər nəticəsində valyuta bazarı tarazlaşıb. Bu gün bunun hər iki seqmenti – həm nağd, həm də qeyri-nağd hissəsi tam sabit və tarazlı səviyyədə fəaliyyət göstərir. İlin ilk 5 ayında 2,9 faizlik inflyasiya səviyyəsi var. Aparılan sorğular göstərir ki, həm əhalinin, həm də biznesin inflyasiya göstəriciləri sabitləşib, aşağı düşüb. 2020-ci ilin sonunda bizim inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir ki, bu da bizim və hökumətin proqnozlarından aşağıdır. Pul-kredit siyasətinin, faiz siyasətinin yumşaldılması ardıcıl olaraq davam etdirilir. İlin əvvəlindən faiz dərəcəsi 7,5 faizdən 7 faizə endirilib".