BAKI, 16 iyul – Sputnik. Kolumbiyada koronavirusa yoluxmuş şəxslərin sayının artması fonunda, karantini pozanları öldürməyə başlayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bu barədə Daily Mail yazıb.
Bu Cənubi Amerika ölkəsinin 32 ştatının ən azı 11-də infeksiyanın yayılmasına qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə sakinlər tərəfindən əməl olunması üçün vəziyyətə yerli silahlı qruplaşmalar nəzarət etməyə başlayıb. Çox vaxt onlar nəzarət etdikləri ərazilərdə hökumətin gördüyü tədbirlərdən daha sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər.
Belə ki, həmin qruplar bəzi bölgələrdə yerli vaxtla saat 17.00-da başlayan komendant saatı tətbiq edirlər. Həm də bəzi rayonlarda ərzaq mağazalarında və apteklərdə çalışanlar istisna olmaqla, bütün yerli sakinlərin evlərini tərk etməsi qadağandır. Bəzi hallarda hətta xəstəxanalara getmək qadağan edilir. Bundan başqa, kartel üzvləri yaşayış məntəqələri arasındakı yolları bağlayaraq vətəndaşların hərəkətini məhdudlaşdırır, koronavirusa yoluxmaqda şübhəli bilinən şəxsləri isə əksinə, regionu tərk etməyə məcbur edirlər.
Müəyyən edilmiş qaydalar haqqında yerli əhaliyə bülletenlər və ya WhatsApp vasitəsilə məlumat verilir. Bununla yanaşı, karantin qaydalarını pozanlar öldürülməklə hədələnir.
Daily Mail-in yazdığına görə, son aylar ərzində qrup üzvləri məhdudiyyətlərə əməl etməkdən imtina edən ən azı doqquz adamı qətlə yetiriblər. Belə ki, Kolumbiyanın cənub-qərbində parka gəzintiyə çıxdıqları üçün üç nəfər öldürülüb. Həmçinin, Venesueladan olan iki miqrantın qətlə yetirildiyi bildirilir. Onlar mobil telefonlarının təmiri emalatxanasında spirtli içkilər içərkən kartel üzvləri tərəfindən odlu silahla öldürülüblər.
Human Rights Watch qeyri-kommersiya təşkilatının Mərkəzi və Latın Amerikası üzrə direktoru Xose Migel Vivanço Daily Mail-ə bildirib ki, silahlı qruplaşmaların bu cür hərəkətləri bir tərəfdən pandemiyanın fonunda ölkədə öz hakimiyyətini gücləndirmək və legitimləşdirmək istəyi ilə izah olunur. Digər tərəfdən, ekspert hesab edir ki, dəstə üzvlərinin bir çoxu öz regionlarında koronavirusun baş verməsindən qorxurlar. Çünki bir çox yaşayış məntəqələrində xəstəxanaların ağır xəstələrə kömək etmək imkanı yoxdur. Xüsusilə, heç də hər yerdə ağ ciyərlərin süni ventilyasiyası aparatları (İVL) yoxdur. "Onların sıralarında yoluxma halları ilə bağlı əsl qorxu var", — deyə Vivanço bildirib.
Son məlumatlara görə, Kolumbiyada koronavirusa yoluxma halları 165 mindən çoxdur. Yoluxan şəxslərdən 5814-ü artıq dünyasını dəyişib.