Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 16 iyul — Sputnik. "Bu, hərbi avantüraya görə Ermənistan rəhbərliyi öz xalqına cavab verməlidir. Onlar öz itkilərini gizlədirlər. İtkilərə də görə məsuliyyət Ermənistan siyasi hərbi rəhbərliyinin üzərinə düşür". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan tərəfindən hərbi, diplomatik müstəvidə uğursuzluğa düçar olanda onlar mülki obyektləri və mülki insanları hədəfə almağa başlayır: "Artıq 76 yaşında mülki vətəndaşımızın həlak olması faktı var. Bu faktlar hamısı qiymətləndirilir. Eyni ssenarini Aprel döyüşlərində də gördük. Bunlar qiymətləndirilir və vahid məcmu halına salınıb BMT-nin aidiyyəti strukturlarına və beynəlxalq ictimaiyyətə çatdırılır. Hesab edirik ki, Ermənistan törətdiyi bu əməllərdə ilk növbədə beynəlxalq hüququn, Cenevrə konvensiyasının və bundan irəli gələn digər hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır ki, beynəlxalq ictimaiyyətin diqqətinə bu məqamlar bir daha çatdırılır".