Dərd-bəla nə birdir, nə də iki - Bölgə sakinləri indi də təbiətin oyununa düşüblər

Çaylarda suyun artması Şamaxı rayonunun Acıdərə çayından qidalanan sünü gölün partlamasına səbəb olub.
Sputnik

Leyla Abdullayeva, İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Quba rayonunun bəzi kəndlərində iyulun 13-də, günorta saatlarında başlayan və aramsız yağan yağış fəsadlara səbəb olub. Yağışın ən çox fəsad törətdiyi kənd isə qədim Xınalıq olub.

Kənd sakinlərinin və icra nümayəndəsinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, yağış nəticəsində üç evi, əkin sahələrini su basıb və əhaliyə yetərincə ziyan dəyib. Gələn sel 60-a yaxın arı yeşiyini aparıb. Kənddə içməli su və elektrik xətləri sıradan çıxıb.

Kənd sakinlərinin sözlərinə görə, Xınalıq kənd inzibati ərazi vahidliyinə daxil olan Bostankeş kəndində Mehman Lalayevə məxsus ev yararsız vəziyyətə düşüb.

Dünən saat 11.00 radələrində yenidən başlayan şiddətli yağış nəticəsində Dəyirmançay adlı çayla sel gəlib, kənd yolunu lil və palçıq basıb. Nəticədə rayonla əlaqə kəsilib. Güclü gələn sel su xəttini dağıtmaqla yanaşı körpüləri də uçurub.

Xınalıq kənd ərazi nümayəndəsi Nəsimi Məmmədovun verdiyi məlumata görə, hal-hazırda yolun açılması üçün texnikalar çalışır. Tez bir zamanda problemlərin aradan qaldırılması üçün əllərindən gələni edirlər.

Neçə gündür şimal-qərb bölgəsinə yağan güclü yağışlar da fəsadlar törətməkdə davam edir.

Dərd-bəla nə birdir, nə də iki - Bölgə sakinləri indi də təbiətin oyununa düşüblər

Çaylarda suyun artması Şamaxı rayonunun Acıdərə çayından qidalanan sünü gölün partlamasına səbəb olub. 3 saat davam edən hadisə nəticəsində göldəki su tamamilə azalıb. Sahibkarın sözlərinə görə, göldə 15 tona yaxın müxtəlif balıq növü saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlaın tələf olduğu bildirilir.

Qobustan rayonunun Təsi, Şamaxı rayonunun Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel sıradan çıxarıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat bağlı olub, nəticədə sürücülər yolda qalıb. Bəziləri yolu piyada getmək məcburiyyətində qalıb. Gölün yaxınlığında yerləşən meyvə ağacları taxıl sahələri və əkin sahələrinin suvarılmasını təmin edən borular da istifadəyə yararsız hala düşüb. Sakinlərin sözlərinə görə mal-qaranı da sel aparıb.

Dərd-bəla nə birdir, nə də iki - Bölgə sakinləri indi də təbiətin oyununa düşüblər

Sellə yanaşı günorta saatlarından sonra güclü külək əsib, dolu və yağış yağıb və rayonun Çöl Göylər kəndində bir sıra fəsadlar törədib. Belə ki, kəndə bəzi evlərin dam örtükləri dağılıb, damdan qopan dəmir və taxta parçaları ətrafa səpələnib. Bununla yanaşı, elektrik naqilləri və dirəkləri küləyin təsirindən aşıb və kəndə elektrik enerjisinin verilməsi dayınıb.