Ermənistan ağlını başına yığsın, Azərbaycanın yanındayıq – Çavuşoğlu

Ermənistan xain hücum həyata keçirdi və 4 nəfər qardaşımız şəhid oldu. Biz görürük ki, Ermənistan xüsusi ilə yeni qarşıdurma ocaqları yaratmaq istəyir.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Ermənistanın etdiyi qəbul edilə bilməz, ağlını başına yığsın. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu "TRT Haber"-ə açıqlamasında bildirib.

"Ermənistan xain hücum həyata keçirdi və 4 nəfər qardaşımız şəhid oldu. Biz görürük ki, Ermənistan xüsusilə yeni qarşıdurma ocaqları yaratmaq istəyir. Ermənistan bu günə qədər məsələnin siyasi yolla həllinə yanaşmadı. Bu günə qədər Ermənistan heç bir həllə yanaşmadı. Ermənistanın etdiyi qəbul edilə bilməz, ağlını başına yığsın. Azərbaycan yalnız deyil. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bu gün Azərbaycanın Xarici İşlər nazirinə zəng edəcəyəm, vəziyyəti dəyərləndirəcəyik", - deyə Çavuşoğlu qeyd edib.

Dərgahlı: "Təxribatları sosial şəbəkələr vasitəsilə həyata keçirməyə çalışırlar"

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.