İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 12 iyul — Sputnik. Gəncə sakini Elbrus Hüseynov yaşadığı küçədə böyük Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirib. Sputnik Azərbaycan bildirir ki, E.Hüseynov xeyriyyəçinin adını daşıyan küçədə bulaq kompleksi tikib, üzərinə onun lövhəsini vurub, ətrafında yaşıllıq yaradıb. 42 yaşlı şəhər sakini əsas məqsədinin H.Z.Tağıyevin daha yaxından tanıdılmasına cüzi də olsa xidmət etmək, həm də onun xeyriyyəçilik ideyalarının yaşadılmasına töhfə vermək olduğunu söyləyib.
“Uşaqlıqdan Tağıyev haqda bizə öyrədilən, danışılan xeyirxahlıqları məndə ona bir rəğbət yaradıb. Onun şərəfinə bir iş görmək istədim və bulağı ərsəyə gətirdim. Bu işə yeni başlayanda məndən soruşurdular ki, qohumundurmu, babanmı düşür? Onlara başa salırdım ki, bu adam su çəkdiyinə görə, insanların əlindən tutduğuna görə, xalqının gələcəyini düşündüyünə, çətinliklərdən çıxardığına görə layiqdir bu işə”, - deyə müsahibimiz məlumat verib.
İxtisasca memar olan Elbrus Hüseynov bulağın layihəsini də özü hazırlayıb, inşasını da özü həyata keçirib. Həm də pula qənaət etməyib, inşaat üçün ağ mərmərdən istifadə edib. Lakin o, abidə üçün çəkdiyi xərci dilə gətirməyi sevmədiyini bildirib:
“Layihəsini də özüm çəkmişəm. Bütün fəhlə, usta işlərini də özüm görmüşəm. Bu işə çəkdiyim xərci həmişə soruşurlar məndən. Amma mən onu dilə gətirməyi ehtiyac bilmirəm. Xeyriyyəçiliyin bir şərti də odur ki, bunu elə xeyriyyəçilik kimi edəsən, ona çəkilən xərci hesablamayasan”.
E.Hüseynov buranın həm də bir su mənbəyi olduğunu, yolla keçən şəhər sakinlərinin, qonaqların bu sudan istifadəsinin də savab olduğunu bildirib. Bulaq kompleksinə istifadə edilən su isə öz evindən gəlir.
"Hamı oturub pul fikirləşəndə mən bu işi görmüşəm. Bu pula maşın da almaq olardı, başqa işlər görərdin deyirdilər. Dedim, yox, mən bu işi görürəmsə, deməli, mənimçün ən yaxşı iş budur. Bu, həm də su mənbəyidir. Turistlər gəlirlər Gəncəyə. Suyun özü bir ehsandır. Yoldan keçən uşaq-böyük oradan bir stəkan su içəndə elə onun özü bir savabdır. Tağıyev əhali üçün su çəkdirmişdi, mən də buraya çəkdim. Buranın suyu evimdən verilir".
Elbrus Hüseynovun məhz bulaq variantını seçməsi də səbəbsiz deyil. O, bununla Bakıya su çəkdirən Tağıyevin nəcib əməlini bir daha yada salmaq, insanları xeyirxah işlərə ruhlandırmaq istəyib: "Küçəmiz H.Z.Tağıyevin adını daşıyır. Soruşurdular, qohumundurmu, babandırmı, hansı əlaqə var? Deyirdim yox. Amma bu insana bir baba kimi hörmətim var.
2006-da başladım, 2010-da bitirdim. Yerinin balaca olmağına baxmayaraq dekorativ bir iş görmək çətindir. Həm artıq detal olmasın, həm yerə uyğunlaşsın. Bunun özü bir zövqlə işlənir.
Mərmərdir, mozaika daşlarıdır. Ən çox mərmərdən istifadə olunub. Saf niyyətli insan olduğu üçün fikirləşdim, abidəni kompleks şəkildə - həm abidə, həm şəlalə, həm bulaq - qurum. Burada təmiz niyyət, təmiz istək və saflıq rol oynayıb.
Mane olmaq istəyənlər olsa da, çox üstümə gəlmirdilər. Hər kəsə maraqlıydı, bunun burada xeyri yoxdursa, niyə bu işi görür. Heç bir təmənna olmadan.
Bir gün Hacının şəklini döydürüb gətirmişəm. Polislər gəldilər. Soruşdular ki, nə iş görürsən. Daşı evə qoymuşdum. Polis baxdı. Dedim, tanıyırsız? Dedi, tanıyıram. Dedim, bu kişinin abidəsini tikdirirəm burada. Dedilər, əlini soyutma, biz bildik ki, sən burada nə iş görürsən".