Gəl ay müştəri! Şotlandiyada mənzil qiymətinə ada satılır

20 il ərzində heç kimin yaşamadığı adaya yalnız qayıqla getmək olar. Bura tək qalmaq istəyənlər üçün ideal bir yerdir.
Sputnik

BAKI, 11 iyul — Sputnik. Şotlandiyada İnçkonnakan (Inchconnachan) adlı yaşayış olmayan ada satışa çıxarılıb. Sputnik Azərbaycan "Metro" nəşrinə istinadən xəbər verir ki, ada 500 min funt sterlinqə (1 milyon manata), yəni Londonda mənzil qiymətinə təklif edilir.

Ada Lomond gölünün mərkəzində yerləşir. Onun qalın bitki örtüyü ilə əhatə olunan ərazinin sahəsi 42 hektardır. 20 il ərzində heç kimin yaşamadığı adaya yalnız qayıqla getmək olar. Beləliklə, bu, tək qalmaq istəyənlər üçün ideal bir yerdir.

Adada 1920-ci illərdə tikilmiş kiçik bir taxta ev də var. Bina təmir edilə bilmədiyi üçün, onun sökülməsinə və beş yataq otağı olan yeni bir evin tikintisinə razılıq verilib. Bundan əlavə, adada kiçik bir daxma, qayıq stansiyası və qayıqların yan alması üçün körpü tikmək planlaşdırılır.