BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Səmra Rəhimli yeni hip-hop albomundan "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib.
İfaçı Sputnik Azərbaycan-a bildirib ki, mahnı həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunub.
Layihənin prodüseri müğənninin anası İlahə Baxşıyeva olub. Bu kompozisiyanı yazdırmağa onu 20 yaşında qətlə yetirilmiş amerikalı reper XXXTENTACİON-ın (Jasey Duane Ricardo Onfray) "Moonlight" ("Ay işığı") adlı məşhur hiti ilhamlandırıb.
"Mən artıq bir ildir ki, albom üzərində çalışıram. Onun yerli şou-biznesdə analoqu yoxdur, çünki bu, Azərbaycanda ilk qadın hip-hop albomudur. Bura on trek daxil olacaq. Bu albomun üzərində gənc reper və musiqiçilərdən ibarət tam bir qrup işləyir: sözlərin müəllifi Clavis və OD, musiqinin müəllifi OD, aranjman Clavis, miks və masterinq isə Drek-dir", – deyə Rəhimli qeyd edib.
Qız etiraf edib ki, hip-hop həmişə onu cəlb edib. O, hətta məktəb illərində ingilis dilində rep oxuyur, populyar reperləri dinləyirmiş. Rəhimli həmişə Azərbaycan dilində rep kompozisiyası ifa etmək istəyib.
"İllər sonra mən sevimli hip-hopuma qayıtdım və bizimlə eyni dalğada olan insanları tapmazdan əvvəl anamla bu işə çox vaxt sərf etdik. Armas sinqlinin uğur qazanmasından sonra biz bu istiqamətdə işləri davam etdirməyə qərar verdik - yeni trekləri yazmağa başladıq və bir vaxt ayıldıq ki, artıq bütöv bir albom üçün material yığılıb", - deyə müğənni etiraf edib.
Səmra Rəhimli 19 oktyabr 1994-cü ildə Bakıda anadan olub. "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçısı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, "Avroviziya-2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.
Hazırda müğənni çıxış etməyə və yeni layihələr üzərində işləməyə davam edir.