HADİSƏ

Bıçağı təqdim edərək, qətli etiraf etdi...

Şamil Əliyev cinayətin aləti olan bıçağı istintaqa təqdim etmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.
Sputnik

BAKI, 10 iyul — Sputnik. İyulun 9-da saat 23 radələrində 1969-cu il təvəllüdlü İlqar Rzayevin Şirvan şəhəri ərazisində yaşadığı yataqxananın qarşısında bıçaqlanaraq öldürülüb. Sputnik Azərbaycan Şirvn Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin mərhumun qonşusu 1979-cu il təvəllüdlü Şamil Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamil Əliyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Şamil Əliyev cinayətin aləti olan bıçağı istintaqa təqdim edərək, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.