CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gərək Bakı boşala, yoxsa...

"Koronavirus testi verməklə ölkədən çıxışa icazə verilir, amma bölgələrə getməyə - yox. Bakıda hər il yayda əhali sayı azalırdı. Bu yay əhalinin mütləq əksəriyyəti paytaxtdadır" - E.Muradlı
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. İyul ayının 20-dək ölkəmizdə sərt karantin rejimi tətbiq olunduğundan metronun fəaliyyəti dayandırılıb. Hazırda metro stansiyaları arası sərnişinlər ekspres avtobuslarla daşınır. Amma mövcud vəziyyət göstərir ki, pik saatlarda ekspres avtobuslarda da sıxlıq yaşanır. 

Sərtləşdirilmiş xüsusi karantin rejimi 16 bölgədə tətbiq olunacaq
Metronun fəaliyyətinin dayandırılması koronavirus pandemiyası dövründə virusa yoluxma hallarının qarşısını almaq məqsədi daşısa da, hazırda əks vəziyyət müşahidə olunur. Çünki ictimai nəqliyyatda sıxlıq virusun yayılması üçün münbit şərait yaradıb. Sputnik Azərbaycan ictimai nəqliyyatda pandemiya dövründə virusa yoluxma riskini azaltmaq üçün daha hansı tədbirlərin görülməli olduğunu araşdırıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ictimai nəqliyyatda virusa yoluxmanı azaltmaq üçün bütün zəruri tədbirlər görülüb: "Metronun bağlanması ilə yük düşüb avtobusların üzərinə. Bu gün sərnişin yükünü götürmək üçün bütün avtobuslar səfərbər olunub. Amma real vəziyyət göstərir ki, avtobus çatışmazlığı yenə də hiss olunur. Bu isə təbiidir. Çünki metronun sərnişindaşıma ilə bağlı gördüyü işi avtobuslar yerinə yetirə bilməz. Hazırda avtobuslarla sərnişinlərin tələbatını ödəməyə çalışırlar.

Çox təəssüf ki, Bakıda tramvay və trolleybus xətləri söküldüyündən sərnişindaşıma xidmətini ancaq avtobuslarla yerinə yetirmək mümkündür. Taksi xidmətindən gündəlik istifadə isə hər kəsin cibinə uyğun deyil. Ona görə də düşünürəm ki, çıxış yolu avtobuslara sərnişin tələbatını azaltmaqdır. Türkiyədən il ərzində 300 ədəd avtobus gətirildi. Bugünkü vəziyyət göstərir ki, avtobus çatışmazlığı var. Bunu isə qısa müddətdə təmin etmək mümkün deyil.

Ona görə də çıxış yolu ancaq avtobuslara tələbatı azaltmaqdır ki, çox təəssüf ki, bu da Operativ Qərargahın səhv qərarları üzündən mümkün deyil. Problemi metronu bağlamaqla həll etmək mümkün deyil. Həmin sərnişinlər mənzil başına çatdırılmalıdır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah paytaxtda əhali sıxlığını azaltmalıdır. Bu gün virusa yoluxmanı sürətləndirən amil bu sıxlıqdır. Koronavirus testi verməklə ölkədən çıxışa icazə verilir, amma bölgələrə getməyə - yox. Bakıda hər il yayda əhali sayı azalırdı. Bu yay əhalinin mütləq əksəriyyəti paytaxtdadır. Onlar da gündəlik ehtiyacları üçün şəhərə çıxmağa, avtobuslardan istifadə etməyə məcburdurlar. Belə gedişlə virusa yoluxmanı azaltmaq mümkün deyil. Çıxış yolu avtobus sayını artırmaq yox, Bakıdakı sıxlığı azaltmaqdır ki, Operativ Qərargahın səhv qərarları ucbatından bu günədək bunu etmək mümkün olmayıb".

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mövcud vəziyyət nəzarət altındadır: "Ekspres avtobuslarla biz çalışırıq ki, sərnişindaşıma təmin olunsun. Amma pik saatlarda yenə də sıxlıq müşahidə olunur. Ona görə də, biz gündəlik ekspres xətlər üzrə sıxlığı nəzarətdə saxlayırıq. Daha çox sıxlıq M2 xəttindədir. Hansı xətdə sıxlıq varsa, o istiqamətə avtobus cəlb edirik. Səhər saatlarında Xalqlar Dostluğu istiqamətindən şəhərə doğru sərnişin axını müşahidə olunur.  Amma axşam sıxlığı əks istiqamətdə müşahidə edirik. Ona görə də nəzarətçilər gündəlik xətləri, sərnişin axınını öyrənir, həmin xətlər üzrə avtobus sayı artırılır".

"Özünüzü" tapın! Karantin dövründə icazə verilən fəaliyyət növləri açıqlandı

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayında ümumilikdə 60-70 faiz azalma müşahidə olunur. Buna baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. BNA-dan verilən məlumata görə, daşıyıcılara da avtobus sayı və intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Tapşırığın icrasına nəzarət məqsədilə hər gün səhər qarajlarda monitorinqlər keçirilir. Hazırda gündəlik 153 müntəzəm marşrut xətti üzrə sərnişindaşımalara 1650-dən artıq avtobus cəlb edilir. Yalnız metrostansiyaları əlaqələndirən 7 ekspres marşrut xətti üzrə isə 80-dən artıq gündəlik avtobus xəttə çıxarılır. Sərnişin tələbatının vaxtında qarşılanması üçün 70-dən artıq avtobus isə ehtiyyat olaraq ekspres xətlərə cəlb edilir. Ümumilikdə həm müntəzəm, həm ekspres xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı 1800-dən artıqdır. Metronun fəaliyyət göstərdiyi vaxtla müqayisədə gündəlik xəttə 160-dan artıq avtobus çıxarılır. Adi rejimlə (yay mövsümi) müqayisədə isə hazırda xətlərə 15-20% artıq avtobus cəlb edilir.

Onu da bildirək ki, artıq bu gündən ekspress xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib. Dəyişikliyə əsasən, iyulun 9-dan ekspress xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspress xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək. Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspress xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.