CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm şirkətləri pandemiyada belə fəaliyyət göstərəcək

ATAA turizm şirkətlərinin pandemiya dövründə fəaliyyətini tənzimləyəcək xidmət prosedurunu hazırlayıb.
Sputnik

BAKI, 8 iyul — Sputnik. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mövcud vəziyyəti nəzərə alaraq turizm şirkətlərinin koronavirus pandemiyası (COVID-19) dövründə fəaliyyətini tənzimləyəcək metodiki göstərişlərdən ibarət xidmət prosedurunu hazırlayıb. Assosiasiyadan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, tövsiyə xarakterli təlimata əsasən turizm şirkətləri ofislərin giriş qapısında qaydaları əks etdirən məlumat lövhəsi yerləşdirməli, məkana daxil olan vətəndaşlar sanitayzer, qoruyucu maska və tibbi əlcəklərlə təmin edilməli, termometrlə vətəndaşların bədən hərarəti ölçülməlidir.

Ofis daxilində sosial məsafənin saxlanılmasını əks etdirən işarələr yerləşdirilməli, işçi personalı və vətəndaş arasında sosial məsafə qorunmalı, müştərilərə xidmətin göstərilməsi qoruyucu şüşə arakəsmələr arxasından edilməli, eləcə də şirkət tərəfindən personalın qoruyucu maskalarda və əlcəklərdə olması təmin olunmalıdır.

Bununla yanaşı, turizm agentliyi tərəfindən göstərilən xidmətlərin müqabilində edilən ödənişlərin yalnız POS terminal vasitəsilə həyata keçirilməsi tövsiyə olunur.

Yeni qaydalarla bağlı marifləndirmə işinin davamı olaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası məlumatlandırıcı videoçarx da hazırlayıb və yaxın günlərdə turizm şirkətlərinə göndəriləcək.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mövcud vəziyyətdən irəli gələrək vətəndaşların və işçi personalının sağlamlığının qorunmasını əsas tutaraq turizm şirkətlərinin pandemiya dövründə yeni qaydalara riayət etməklə fəaliyyət göstərmələrini tövsiyə edir.