BAKI, 8 iyul — Sputnik. Əgər Rusiya və Ukrayna arasında müharibə olarsa, NATO ona müdaxilə etməyəcək. Sputnik Azərbaycan "TSN" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin sabiq komandanı, general Ben Hodces bildirib.
O qeyd edib ki, bu, Ukraynanın NATO üzvü olmaması ilə bağlıdır. Digər səbəb isə alyansın bəzi üzvlərinin Rusiya ilə sıx iqtisadi münasibətlərə malik olmasıdır. Belə ki, Almaniya və Türkiyə Moskvaya qarşı olmaq istəmir: "Hətta Ştatlarda olan mənim prezidentim Kremlə adekvat təzyiq göstərmir".
Xatırladaq ki, iyunun 12-i Ukrayna NATO-nun genişləndirilmiş imkanlar tərəfdaşlığının iştirakçısı olub. Daha 5 ölkə - Gürcüstan, İordaniya, Avstraliya, Finlandiya və İsveç də bu statusa malikdir. O, alyansın hərbçiləri ilə birgə təlimlərə xüsusi imkanlar təqdim edir.