72 il əvvəl qoyulan şərt Trampın planını poza bilər

"Həmin şərtlərdə göstərilir ki, ölkə təşkilatdan çıxmazdan bir il əvvəl bu barədə xəbərdarlıq etməli və bütün maliyyə öhdəliklərini tam olaraq yerinə yetirməlidir" - Stefan Düjarrik
Sputnik

BAKI, 8 iyul - Sputnik. ABŞ Prezidenti Donald Tramp Konqressə ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə rəsmi bildiriş göndərib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Demokratlar partiyasından olan senator Bob Menendes deyib.

Twitter-də: “Bu, amerikalıların həyatını və maraqlarını qorumayacaq, bu, Amerikanı xəstə və tənha qoyacaq”, - yazan senator Trampın hərəkətlərini xaotik adlandırıb.  

Trampdan ümidverici sözlər: “Vaksinin hazırlanması...”

Tramp bəyan etmişdi ki, ÜST “tələb edilən islahatları keçirmədiyi üçün” ölkəsi onunla əlaqələri kəsəcək. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları ÜST-ə ayırdığı vəsaiti “təcili səhhət problemləri yaşayan ölkələrə yönəldəcək”. O, həmçinin ÜST-ü Çinin maraqlarına cavab verərək dünyanı vaxtına koronavirus epidemiyasının miqyası barədə xəbərdar etməməkdə suçlayıb.

BMT-nin Baş katibi Antoniu Quterreş də ABŞ-ın ÜST-dən çıxması barədə xəbərdarlığı alıb. Bu barədə katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

O qeyd edib ki, ABŞ ÜST-ə 1948-ci il iyunun 21-də üzv olub. Düjarrikin sözlərinə görə, ABŞ-ı təşkilata Ümumdünya Səhiyyə Assambleyası qəbul edib. Həmin vaxt ABŞ gələcəkdə ÜST-ü tərk etmək üçün şərtlərini əvvəlcədən bəyan edibmiş.

“Həmin şərtlərdə göstərilir ki, ölkə təşkilatdan çıxmazdan bir il əvvəl bu barədə xəbərdarlıq etməli və bütün maliyyə öhdəliklərini tam olaraq yerinə yetirməlidir”, - Düjarrik vurğulayıb. O bildirib ki, hazırda Quterreş ÜST-lə birlikdə ABŞ-ın qurumdan çıxması üçün gərəkli olan şərtlərin yerinə yetirilib-yetirilmədiyini yoxlayır.

Ağ Ev ÜST-ün maliyyələşməsini aprelin ortalarından dayandırıb.