CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin rejimi, dəniz sevdası: boşluqda aydın seçilənlər - FOTO

Vətəndaşların icazələrinin yoxlanılması Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən aparılır. Amma görünən budur ki, bəzi ərazilərdə ya ayrı-seçkilik edilir, ya da polis vətəndaşlarla yumşaq davranır
Sputnik

BAKI, 7 iyul — Sputnik. Koronavirus pandemiyası ilə bağlı bir neçə aydır ki, ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Müəyyən sahələrin fəaliyyəti dayandırılıb.

Vətəndaşlara ancaq xüsusi şərtlərlə evdən çıxmağa icazə verilir. Buna baxmayaraq, verilmiş icazələrdən sui-istifadə hallarına da rast gəlinir.

İki gün əvvəl "Fairmont" otelində istirahət edənlər inzibati məsuliyyətə cəlb edildilər.

Hər gün yüzlərlə avtomobil postlardan geri qaytarılır və xüsusi kameralar vasitəsilə icazəsi olmayan şəxslərə protokollar tərtib edilir. Təkcə həftəsonu 490 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Karantin rejimi, dəniz sevdası: boşluqda aydın seçilənlər - FOTO

Amma buna baxmayaraq, paytaxtın bəzi ərazilərində, xüsusən də Xəzər sahili qəsəbələrdə özbaşınalıq davam edir. Məsələn, həftəsonu, Xəzər rayonu Zuğulba qəsəbəsi dəniz sahilində bir neçə ailə istirahət edirdi.

Sputnik Azərbaycan bildirir ki, bu kimi hallar digər sahil qəsəbələrində də baş verir. Vətəndaşlar icazələrindən sui-istifadə edərək, koronavirus təhlükəsinə önəm vermədən istirahət etməyə çalışırlar.

Bəlkə də məhz elə buna görədir ki, hər keçən gün koronavirusa yoluxanların və virusdan ölənlərin sayı artır.

Vətəndaşların icazələrinin yoxlanılması Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən aparılır. Amma görünən budur ki, bəzi ərazilərdə ya ayrı-seçkilik edilir, ya da polis vətəndaşlarla yumşaq davranır.

Belə davam edərsə, yəqin ki, karantin rejimi hələ uzun müddət davam edəcək. Və biz bu virusa qələbə çala bilməyəcəyik.

Daxili İşlər Nazirliyinin məlumatına görə isə, həftənin bazar günü respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

Karantin rejimi, dəniz sevdası: boşluqda aydın seçilənlər - FOTO

Xatırladaq ki, bu günə qədər 529 875 test edilib, 21 374 yoluxma faktı aşkarlanıb. Onlardan 12 635 nəfəri sağalıb, 265 nəfər ölüb.

Hazırda ölkə ərazisində aktiv 8474 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılıb.

Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcəklər.

Karantin rejimi, dəniz sevdası: boşluqda aydın seçilənlər - FOTO

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcəklər.