CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mələk Heydərova işdən çıxarılıb?

İctimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq, oteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb
Sputnik

BAKI, 6 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün "Baku Tv"nin əməkdaşı Mələk Heydərovanın da karantin qaydalarının pozulduğu "Fairmont Bakı" otelində fotolarının yayılması geniş müzakirələrə, qınağa səbəb olub. Adıçəkilən aparıcı ictimaiyyətdən, "Baku TV" izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəyib.

Sputnik Azərbaycan bildirir ki, artıq aparıcının çalışdığı iş yerindən uzaqlaşması ilə bağlı saytlarda müxtəlif məlumatlar yer alıb. Məlumata görə, Mələk Heydərova artıq işdən uzaqlaşdırılıb. Məlumatın nə qədər əsaslı olub-olmadığını öyrənmək üçün TV rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Zəngimizi cavablandıran əməkdaşlar bu haqda məlumatlı olmadıqlarını deyiblər: "Saytlar belə yazıb, yəqin ki, belədir. Amma biz bu haqda heç nə bilmirik".

"Baku Tv"nin icraçı direktoru Çingiz Hüseynov isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyərək, Mələk Heydərovanın işdən uzaqlaşdırıldığını bildirib.

Qeyd edək ki, ictimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq, oteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi qısa zamanda hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.