CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı simvolu Gədəbəydə: dağ ortasında əlçatmaz qala necə görünür – VİDEO

Sputnik Azərbaycan Gədəbəyin ən əlçatmaz abidələrindən biri olan Namərd Qalanı çəkməyə müvəffəq olub. Dağın ortasında yerləşən, yerli əhalinin isə ikinci Qız Qalası adlandırdığı bu əzəmətli qalanın necə göründüyünü videomuzda izləyin.
Sputnik

Gədəbəyin rəmzinə çevrilən Qız qalası bu gün də öz məhtəşəmliyi ilə göz oxşayır. Elmi ədəbiyyatda Mamır, Çerek, Namərd Qala kimi tanınan abidəni yerli sakinlər Qız Qalası adlandırırlar. Rəvayətə görə, vaxtilə qalada yaşayan qız namərdlərin əlinə keçməmək üçün özünü qaladan ataraq intihar edib. Namərdqala və Qız qalası adı da bu əfsanədən qaynaqlanıb.

Bakının əsas girişi – Qoşa Qala qapıları “xilas” edilir

Namərdqalanın nə vaxt və hansı tarixi zərurətə görə tikilməsi bu gün də dəqiq araşdırılmayıb. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə bəzi  tarixçilər onu XII əsr Eldənizlər dövrünün əsəri sayırlar. Bir sıra tarixçilər isə qalanın daha qədim, VIII-IX əsrlərə aid olduğunu iddia edirlər.

Qala əldən-ayaqdan uzaq, çətin keçilən dağ şəraitində tikilib. Rayon mərkəzindən 15 km məsafədə yerləşən qalaya avtomobil yolu olmadığından yalnız təcrübəli bələdçilərin köməyilə yaxınlaşmaq mümkündür. Qalanın üzərində dayandığı təxminən 400 metr hündürlükdə qayanın hər iki tərəfindən Şəmkir və Mis çayları axır. Yağışlı günlərdə çaylar daşaraq yolu keçilməz edir. 15 metr hündürlüyü olan 8 bürcdən ibarət abidənin üst hissəsində yaşayış kompleksi olub. Onun bir xususiyəti də ətrafda çay daşlarının çox olmasına baxmayaraq qalanın bişmiş qırmızı kərpicdən tikilməsidir.

Azərbaycanda olan digər dağ qalalarından fərqli olaraq bu qalanın daha yığcam, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı var. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından xəbər verir. Eyni zamanda qalanı tikdirən sifarişçinin də geniş imkanları olduğunu, tikintiyə böyük işçi qüvvəsinin, yüksək ixtisaslı sənətkarların cəlb etməsini göstərir.

Belə bir tarixi abidənin turizm potensialı nəzərə alınaraq Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən memarlıq abidəsinə yol çəkilir. Bu yolun çəkilməsi həm turizmin inkişafına, həm də gələcəkdə qalada restavrasiya işlərinin görüləcəyinə ümid yaradır.