CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağcabədidə köçkün evləri uçub - FOTO

Şuşadan məcburi köçkün düşmüş Qurbanovlar ailəsi hələ də hadisənin şokunu yaşayır. Əvvəlcə onlar top mərmisinin düşdüyünü zənn ediblər.
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. İyunun 30-da saat 11 radələrində şuşalı məcburi köçkün ailəsi Rəhimovlar qəflətən eşitdikləri gurultudan qorxuya düşüblər. Onlar əvvəlcə nə baş verdiyini anlaya bilməyiblər. Top mərmisinin düşdüyünü zənn ediblər. Sonra isə görüblər ki, gurultuya səbəb top mərmisi yox, nəhəng beton konstruksiyalarının uçmasıdır.

Rəhimovlar ailəsinin ağsaqqalı Xanlar Rəhimov Sputnik Azərbaycan-a bildirib ki, onlar Şuşa ermənilər tərəfindən işğal olunandan Ağcabədi rayonunun Ağabəyli kəndindəki heyvandarlıq üçün nəzərdə tutulmuş, lakin tikintisi yarımçıq qalmış fermanın ərazisində məskunlaşıblar. Öz vəsaitləri hesabına daxma evlər inşa edərkən vəsait çatışmazlığına görə tikililərinin bir tərəfini də həmin yarımçıq qalmış fermanın beton konstruksiyalarına birləşdiriblər.

”Biz Şuşadan gələndə bir ailə idik. Ancaq indi iki oğlum da ailə həyatı qurduğundan evlərimizin sayı artıb. İndi biz 3 ailə ilə burada yaşayırıq. Ümumi olaraq uşaq və böyüklər də daxil olmaqla ailə üzvlərimizin sayı 9 nəfərdən ibarətdir. Özümüz təqaüd alırıq. Oğlum yaxınlıqda tikilən hərbi hissədə fəhləlik edir. Çətin də olsa həyatımızı yaşayırıq. İllər boyu təhlükəli şəraitdə yaşasaq da dözüb, durmuşuq”, - deyə Xanlar Rəhimov həyatlarının həmişə təhlükə altında olduğunu bildirib.

Ağcabədidə köçkün evləri uçub - FOTO

Xanlar Rəhimov ağır beton konstruksiyalar uçan vaxt evdə olub. Qəflətən baş verən uçqundan həddindən ziyadə şok keçirib. Elə zənn edib ki, olduqları evə top mərmisi düşüb. Hətta həyacandan stress keçirdiyindən təcili tibbi yardım çağırılıb. Tibbi yardım sayəsində onun sağlamlıq durumu yaxşılaşıb.

Xanlar Rəhimov onlarla yalnız Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Ağcabədi rayonu üzrə nümayəndəsi Hafiz Mehdiyevin maraqlandığını bildirib. ”Qaçqınkom"un nümayəndəsi gəlib şəkillər çəkdi. Bildirdi ki, rəhbərliyi məlumatlandıracaq. Ancaq İcra Hakimiyyətinə gedib, başçı ilə görüşmək istəyimiz baş tutmadı. Dedilər ki, koronavirusla bağlı bütün qəbullar dayandırılıb. Hazırda heç bir qurumdan köməklik göstərilməyib. İstəyirdik ki, uçan beton konstruksiyalar ərazidən təmizlənsin. Bizim yaşamağımız üçün minimal şərait yaradılsın. Ya daxmalarımızın uçan divarlarının bərpasına köməklik eləsinlər, ya da bizə çadır versinlər. Otaqlarımızın uçan divarını yamayıb içində yaşayaq”, - deyə Xanlar Qurbanov onlara çətin gündə köməklik göstərilməsini xahiş edir.

Ağcabədidə köçkün evləri uçub - FOTO

“Mənim evim də dağıntıdan ziyan çəkib. Bərpa etməyə imkanım yoxdur. İki uşaqla çarəsiz vəziyyətdəyəm. Yaxşı olar ki, uçmuş betonlar təmizlənib götürülsün. Evimizin dağılan yerinin bərpasında köməklik göstərib, yaşayışımıza şərait yaratsınlar. Nə vaxt evlər tikilib hazır olarsa, burada yaşayarıq”, - Ağdam rayonundan məcburi köçkün Südabə İmanova belə deyir.

Şuşa şəhərindən məcburi köçkün olmuş Xəyyam Qurbanov Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Ağcabədi rayonundakı nümayəndəsi Hafiz Mehdiyevin onlara Ucar rayonu ərazisində ev təklif etdiyini bildirib. ”Bizimlə "Qaçqınkom"un nümayəndəsi maraqlanıb. Köməklik kimi Ucar rayonundan ev təklif ediblər. Nəzərə alsaq ki, uzun müddət burada məskunlaşdığımızdan yenidən başqa yerə köçmək bizə olduqca çətindir. Hansı ki, artıq bizim buradakı qəbiristanlıqlarda dünyasını dəyişənlərimiz var. Qohumlarımız burada yaşayırlar. Bizim üçün Ağcabədi ilə yanaşı, Bərdə, Ağdam, Tərtər rayonlarının ərazisində ev təklif olunsa, razı olarıq. İndiki halda isə bizə buradakı evlərimizin bərpasında yardım göstərilməsini xahiş edirik. Hakimiyyətdən çox şey, mümkün olmayanları deyil, balaca daxmalarımızın azacıq düzəldilməsini istəyirik”, - deyə Xəyyam Qurbanov vurğulayıb.

Şuşa şəhərindən məcburi köçkün Ofeliya Qurbanova bildirir ki, burada məskunlaşmalarının 30 ili tamam olacaq. İki oğlunu böyüdərək, gəlin gətirib, onları ailə-uşaq sahibi ediblər. Əvvəllər təhlükəli şəraitdə böyüyüb, boya-başa çatan övladlarını indi balaca nəvələr əvəz edirlər. Ofeliya nənənin evi dağılsa da, bir təsəllisi var. O da dağılan beton konstruksiyalardan salamat qurtulmaqlarıdır. Deyir ki, nə yaxşı ki, uşaqlara xətər dəyməyib, salamatlıqdır.

Ağcabədidə köçkün evləri uçub - FOTO

Başqa bir laçınlı məcburi köçkün Azər Qasımov isə bundan əvvəl də belə bir halın şahidi olduğunu bildirib: "İsrayıl müəllimin qızı belə bir betonun yanından keçərkən təhlükə ilə üzləşib. Qəflətən beton konstruksiya qurğusu yatıb. Xoşbəxtlikdən, onun həyatı üçün yaranmış təhlükə salamatlıqla sovuşub".

Burada balaca uşaqlar var. Taleh, Kərim, İlyas, ən kiçiyinin də adı Dənizdir. Dənizin üç yaşı var. Bu uşaqlar bu gün böyük xəyallar qura bilməsələr də oynamaq istəkləri böyükdür. Oynadıqları yer də təhlükəlidir. Sonuncu dağıntılardan sağ-salamat qurtarmağın özü də bu uşaqların xoşbəxtliyi kimi görünə bilər. Ancaq onların həyatı üçün təhlükə sovuşmayıb. Həm beton konstruksiyaların hələ də ayaqüstə olanı var, həm də qonşuluqda zəhərli ilanlar məskən salıb.

Ağcabədi Rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlasaq da aldığımız cavab o qədər də ürəkaçan olmadı. Cavablarından bəli oldu ki, iş onların deyil, "Qaçqınkom"un vəzifəsinə daxildir.

Ağcabədidə köçkün evləri uçub - FOTO

"Qaçqınkom"un nümayəndəsi Hafiz Mehdiyev isə bildirib ki, onlar zərərçəkən ailələrə kömək göstərməyə çalışırlar. Bunun üçün həmin ailələrə Ucar rayonu ərazisində evlər təklif olunub. Ancaq həmin ailələr bununla razılaşmayıblar.

Hafiz Mehdiyev onu da əlavə edib ki, ərazinin təmizlənməsi üçün texnika təşkil edilib. Təmizlənmələrdən sonra da zərərçəkmiş ailələrə bərpa işlərinin aparılmasında dəstək göstəriləcək.