BAKI, 4 iyul — Sputnik. Türkiyə Parlamentinə yeni sədr seçiləcək. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, parlament sədri Mustafa Şentopun səlahiyyət müddətinin bitməsi ilə bağlı keçiriləcək seçkidə iştirak etmək üçün 5 nəfər öz namizədliyini irəli sürüb.
Namizədlər iyulun 6-dək sədr vəzifəsinə namizədliyini irəli sürməlidir.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən Türkiyə parlamentində bir çağırış dönəmində iki dəfə sədr vəzifəsinə seçki olur. Seçkilər gizli səsvermə yolu ilə keçirilir. Seçkilərin birinci və ikinci turunda namizəd millət vəkillərinin 2/3-ünün səsini toplamalıdır. Sədr seçilməyəcəyi təqdirdə isə üçüncü turda 301 səsi toplayan namizəd qalib elan olunacaq. Bu baş verməzsə isə dördüncü turda iki ən çox səs toplayan namizəd yarışacaq və ən çox səs toplayan şəxs qalib gələcək.