BAKI, 4 iyul — Sputnik. Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində yerləşən Sobsan boya fabrikində axşam saatlarında başlayan yanğın davam edir. Yanğın başladıqdan bir müddət sonra partayışla müşahidə edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, yanğının baş verdiyi əraziyə yaxın ətrafdakı insanlar təxliyə edilib.
Boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahın məlumatına görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib. Report-un məlumatına görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Yanğın 700 kvadratmetr ərazini əhatə edir.
Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.
Xatırladaq ki, yanğın bu gün saat 20:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.