CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qatil dolaşır: Lənkəranskinin yaxın adamını öldürüb

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
Sputnik

BAKI, 3 iyul — Sputnik. İyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Sputnik Azərbaycan Suraxanı Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu arada qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum olub.  

APA-nın məlumatına görə, Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.