BAKI, 3 iyul — Sputnik. İndoneziya koronavirusa qarşı öz vaksininin yaradılması üzərində çalışır. Sputnik Azərbaycan "The Jakarta Post" qəzetinə istinadən xəbər verir ki, inkişaf etməkdə olan ölkələr üçün vaksinin əlçətmaz olacağına dair narahatlıq buna səbəb olub.
"Dünyada biotexnologiya şirkətlərinin istehsal gücləri, bildiyimiz kimi, məhduddur və qlobal təchizat kanalları da problemlərlə qarşılaşır", - Tədqiqatlar və Texnologiya Nazirliyi yanında tədqiqatçılar komandasına rəhbərlik edən Ali Qufron Mükti deyib.
O, "İndoneziyada və İndoneziya üçün" vaksini hazırlamağın lazım olduğunu qeyd edib. Nikbin vəziyyətdə İndoneziya koronavirusa qarşı peyvəndi 2021-ci ilin əvvəlinə hazır edəcək, ilin ikinci yarısında isə onun sınaqdan keçirilməsi planlaşdırılır.
Cümə axşamı xəbər verilib ki, İndoneziyada bir gün ərzində 1624 koronavirusa yoluxma halı aşkar edilib. Ümumilikdə ölkədə 59394 nəfər yoluxub, 2987 xəstə ölüb, 26667 nəfər sağalıb.