Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 3 iyul — Sputnik. "Gürcüstandan Azərbaycana gətirilən yumurta damazlıq yumurtadır, ərzaq yumurtası deyil. Damazlıq yumurtanın bir ədədi 45-50 qəpiyə gətirilir". Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın VəliyevSputnik Azərbaycan-a bu ilin 5 ayında Gürcüstandan ölkəmizə yumurta ixracının artmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Gürcüstandan Azərbaycana gətirilən ərzaq yumurtası deyil, damazlıq yumurtadır: "Damazlıq yumurta cücə çıxartmaq üçündur, yemək üçün deyil. Azərbaycanda damazlıq yumurta istehsal edilir və ölkəmizdə 10 damazlıq təsərrüfatı fəaliyyət göstərir. Açıq bazardır, sahibkarlar damazlıq yumurtanı haradan istəyirlər, alırlar. Kimisi daxildən, kimisi də xaricdən damazlıq yumurta alır. Damazlıq yumurtada keyfiyyət hamısında eynidir. Bir xəstəlik olsa, cücə inkubatordan çıxmır. Damazlıq sahəsi steril təsərrüfatdır".
A.Vəliyev qeyd edib ki, bu ilin 5 ayında Gürcüstandan ölkəmizə gətirilən 116 ton yumurta kiçik rəqəmdir:
"Elə bizim bir təsərrüfatın bir günlük istehsalı 110 tondur. Giləzi quşçuluq təsərrüfatı 1 gündə 110 ton yumurta istehsal edir. Bizdə hazırda damazlıq yumurta 40 qəpikdir. Gürcüstanda koronavirus pandemiyasına görə alıcılıq qabiliyyəti aşağı düşüb və ona görə damazlıq yumurtanı ucuz qiymətə satmağa məcbur olurlar".
Ərzaq yumurtasına gəlincə A.Vəliyev diqqətə çatdırıb ki, Azərbaycanda ərzaq yumurtası yüksək səviyyədə istehsal olunur və ucuz qiymətə də satılır: "Azərbaycanda bir ildə 1 milyard 600 milyon ədəd ərzaq yumurtası istehsal olunur və bu da daxili tələbatı tam ödəyir. Hətta ötən il bir sıra ölkələrə yumurta ixrac da edilib. Yumurtanın topdansatış qiyməti 10-11 qəpikdir. Marketlər isə istədiyi qiyməti qoyub sata bilir".
O bildirib ki, növbəti dövrlərdə ölkədə yumurtanın qiymətində dəyişiklik gözlənilmir: "Yumurtanın qiymətinin qalxması gözlənilmir. Ucuzlaşma ola bilər, amma bahalaşma olmayacaq".
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 393,1 min dollar dəyərində 116,8 ton yumurta ixrac edilib. Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.
Ötən ilin 5 ayı ilə müqayisədə ixrac edilən məhsulun həcmi 57,5 ton və ya 97% artaraq 116,8 tona, dəyəri isə 155,9 min dollar və ya 65,7% artaraq 393,1 min dollara çatıb.
Xatırladaq ki, 2019-cu ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana 237,2 min dollar dəyərində 59,3 ton yumurta ixrac edilib.