BAKI, 1 iyul — Sputnik. ABŞ Senatı "Şimal Axını 2" qaz kəmərinə qarşı əlavə sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə respublikaçı konqresmen Stiv Vomak "Twitter" səhifəsində yazıb.
"Mən onun (qaz kəmərinin – red.) tikintisini dayandırmağa yönəlmiş sanksiyaların həmmüəllifi olmaqdan qürur duyuram və bu prioritetin milli müdafiə büdcəsinin layihəsinə daxil edilməsinə görə Senatı alqışlayıram", - o yazıb.
Vomakın sözlərinə görə, Rusiya hakimiyyəti "Şimal Axını 2" kəmərindən məcburetmə vasitəsi kimi istifadə etmək istəyir və onun məqsədi Polşa və Ukraynanın Rusiya qazından asılılığını artırmaqdır.
Respublikaçıların nəzarəti altında olan Senat və Demokratların nəzarəti altında olan Nümayəndələr Palatası müdafiə büdcəsinin öz variantlarını təqdim edir. Sonra hər iki palata yekun varianta səs verir və sənəd prezidentə imzası üçün göndərilir.