SƏHİYYƏ

ÜST Çindəki yeni virus haqda: “Biz onu müşahidə edirik”

Rayanın sözlərinə görə, ÜST vəziyyətin bundan sonrakı inkişafının öyrənilməsi üçün Çinlə əməkdaşlıq edəcəyinə ümid bəsləyir.
Sputnik

BAKI, 1 iyul — Sputnik. Çinli alimlərin haqqında yazdıqları donuz qripi ştammı təzə deyil, bu, artıq bizə məlum olan donuz qripinin bir növüdür.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının səhiyyədə fövqəladə vəziyyətlər üzrə proqramının direktoru Maykl Rayan Cenevrədə brifinqdə deyib.

“İnsanları sakitləşdirmək lazımdır, bu yeni virus deyil, nəzarət altında olan virusdur. Biz onu müşahidə edirik”, - Rayan deyib.

Onun sözlərinə görə, çinli alimlərin bəhs etdikləri virus 2016-cı ildəki Avrasiya donuz qripinin artıq məlum olan ştammıdır. Bu, quş qripinə oxşayır. Həmçinin alimlərin yazısında bu ştamm üzərində epidemioloji nəzarətin olduğu, o cümlədən donuzlar arasında təkamülü haqda məlumat da yer alır.

Rayanın sözlərinə görə, ÜST vəziyyətin bundan sonrakı inkişafının öyrənilməsi üçün Çinlə əməkdaşlıq edəcəyinə ümid bəsləyir.