Tramp bu ölkədən on minədək amerikalı hərbçinin çıxarılmasını təsdiqlədi

Berlinin NATO-ya ödənişləri gecikdirməsinə görə Tramp Almaniyada amerikalı hərbçilərinin sayını 34,5 mindən 25 minə endirəcəyini vəd edib.
Sputnik

BAKI, 1 iyul — Sputnik. ABŞ Prezidenti Donald Tramp 9500 amerikalı hərbçinin Almaniyadan çıxarılması planını təsdiqləyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Conatan Hofman bildirib.

O deyib ki, ötən gün hərbçilərin yerdəyişmə planı Trampa təqdim edilib və prezident onu təsdiqləyib.

"Təsdiq edilmiş təklif yalnız prezidentin göstərişinə uyğun deyil, həm də Rusiyanın məhdudlaşdırılmasını gücləndirəcək, müttəfiqlərə əminlik verəcək, ABŞ-ın Avropada strateji və operativ çevikliyini yaxşılaşdıracaq", - Hofman bildirib.

Berlinin NATO-ya ödənişləri gecikdirməsinə görə Tramp Almaniyada amerikalı hərbçilərinin sayını 34,5 mindən 25 minə endirəcəyini vəd edib. Bununla yanaşı, Polşa hələ 2018-ci ildə öz ərazisində Amerikanın zirehli tank diviziyasını yerləşdirməyə və müvafiq xərcləri (1,5-2 milyard dollar) öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. Polşa bu təklifi NATO çərçivəsindən kənarda, ikitərəfli qaydada irəli sürüb. Prezident Andjey Duda Varşavanın daimi Amerika hərbi bazasının yaradılmasına ümid etdiyini bildirib və hətta onu "Fort Tramp" adlandırmağı təklif edib.