Rusiya Konstitusiyasına dəyişikliklər üzrə Ümumrusiya səsverməsi üçün seçki məntəqəsi iyulun ilk günü saat 8:00-da Rusiyanın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin binasında açılıb. Azərbaycanda yaşayan və ya müvəqqəti burada olan Rusiya Federasiyasının vətəndaşları gün ərzində səs verə bilərlər. Məntəqə bu gün Bakı vaxtı ilə saat 20:00-dək işləyəcək. Səsvermə koronavirusun yayılmasının qarşısının alınması üzrə sanitar normalara riayət olunmaqla keçirilir - sosial məsafəyə riayət edilir, girişdə səs verənlərin bədən temperaturu ölçülür, həmçinin birdəfəlik əlcəklər, maska və diyircəkli qələm verirlər.
Xatırladaq ki, 1 iyul – Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə Ümumrusiya səsverməsinin son və əsas günüdür. Əvvəlcə səsvermə 22 aprelə təyin olunmuşdu, lakin COVİD-19 pandemiyasına görə təxirə salındı. Daha sonra prezident Vladimir Putin yeni səsvermə tarixi haqqında fərman imzalayıb.
Epidemioloji durumu və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi zərurətini nəzərə alaraq, rusların iyunun 25-dən iyulun 1-dək səs vermələri qərara alınıb.