RUSİYA

Məşhur bakılı: "Koronavirus mənə də çatıb" - VİDEO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni: "Bu gün mənə ikitərəfli pnevmoniya diaqnozu qoyulub - koronavirus mənə də çatıb. Təəssüf ki, son günlər bir çox insanla təmasda olmuşam".
Sputnik

BAKI, 1 iyul — Sputnik. Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee-yə (Bəxtiyar Əliyev) koronavirus infeksiyasına yoluxduğu barədə diaqnoz qoyulub. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni Moskvada çox sayda həmkarını və pərəstişkarlarını yoluxdurmasından qorxur. O, özü bu barədə "Instagram" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu gün mənə ikitərəfli pnevmoniya diaqnozu qoyulub – koronavirus mənə də çatıb. Mən bunu açıq şəkildə deməyə də bilərdim, belə şeylərdən xoşum gəlmir, amma təəssüf ki, son günlər bir çox insanla təmasda olmuşam. Çalışmışam ki, maksimum hər kəsi xəbərdar edim, amma bilirəm ki, kimlərəsə deyə bilməmişəm. Dünən bir hipermarketdə oldum, bir neçə adam fotoşəkil çəkmək üçün mənə yaxınlaşdı. Onların hamısı maskalı idi, amma maskaları fotoşəkil çəkmədən əvvəl taxdılar", - deyə Əliyev həmkarları və pərəstişkarlarına xəbərdarlıq edib.

"Bundan bloq hazırlamaq istəmirəm, hazırlamayacağam da, amma xəbərdarlıq etməyə də bilmərəm. Mənim vəziyyətim yaxşıdır. Mən güclüyəm. Rusiyada yaxşı dostlarım var, hər şey əladır. Özünüzü qoruyun, xəstələnməyin, əgər mənimlə təmasda olmusunuzsa, mütləq diqqət edin", - Bahh Tee əlavə edib.

Bəxtiyar Əliyev (Bahh Tee) doqquz yaşından ilk şeirlərini yazmağa başlayıb. O, şeirlərini əvvəl Azərbaycan və türk dillərində yazsa da, sonradan yaradıcılığa rus dilində davam edib. Bir dəfə "Fabrika zvyozd-4" verilişini izləyərkən mahnı yazmaq qərarına gəlib. O gündən başlayaraq, Bəxtiyar həyatını musiqi ilə sıx surətdə bağlayıb. Özünün etirafına görə, ifa etdiyi mahnıların müəllifi elə özüdür. Yaradıcılığa başladığı vaxtdan elə bir günü olmayıb ki, heç olmasa, bir cümlə yazmasın.

Bahh Tee hal-hazırda "Jara FM" radiostansiyasının və Zhara Music musiqi leyblinin baş prodüseridir.