CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il Tovuzda baş vermiş cinayətin üstü açıldı

29 iyun 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sputnik

BAKI, 30 iyun — Sputnik. Ötən il sentyabrın 13-də Tovuz rayon sakini Firuddin Ələkbərli bir neçə dəfə atəş açılaraq qəsdən öldürülüb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, fakt üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb.

İstintaqla cinayətin Tovuz rayonu, Yanıqlı kənd sakini Əli Şamıyev tərəfindən qanunsuz olaraq üzərində gəzdirdiyi "Makarov" konstruksiyalı tapança ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər prosessual hərəkətlər yerinə yetirilib.

29 iyun 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.