Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər

O xatırladıb ki, 1939-cu ildə Belarus SSR-nin sərhədi Minsk yaxınlığından keçib və Qırmızı Ordu Polşanın tərkibində olan Qərbi Belarusu birləşdirməsəydi, indi dövlətin sərhədləri tamamilə fərqli olardı.
Sputnik

BAKI, 30 iyun — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk bölgəsinin fəalları qarşısında qapalı çıxışında xəbərdarlıq edib ki, respublika ərazisinin bir hissəsini itirə və 1921-ci ilin sərhədlərinə qayıda bilər.

Sputnik Azərbaycan xəbər verir ki, görüşün fraqmentləri "Belarus 1" telekanalında nümayiş olunub.

"Sizinlə geridə qoyduğumuz günlərə qayıtmağımıza imkan verməyin. Düşünürəm ki, uşaqlar indi 1921-ci ili, Riqa müqaviləsini göstərəcəklər (ekranda Belarusun 1921-1946-ci illərdə sərhədinin xəritəsi görünür – red.). Bu çəhrayı zolağı görürsünüz? Bunlar bizim 21-ci ildən Belarus üçün döyüşən soydaşlarımızdır. Bax, bizə 21-ci ildən qalan budur", - Belarus lideri ölkənin dağılması təhlükəsi barədə danışarkən deyib.

O xatırladıb ki, 1939-cu ildə Belarus SSR-nin sərhədi Minsk yaxınlığından keçib. Lukaşenkonun sözlərinə görə, əgər həmin ilin payızında Qırmızı Ordu Polşanın tərkibində olan Qərbi Belarusu birləşdirməsəydi, indi dövlətin sərhədləri tamamilə fərqli olardı.