CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha yeni, daha rahat, daha komfort – Metroda yeni vaqonların sayı 65-ə çatdırıldı

Hazırda metronun vaqon parkı 280 vaqondan ibarətdir. Onun 55-i teni nəsil vaqonlardır. Bu gün xəttə çıxacaq vaqonlarla birlikdə bu say 65-ə çatdırılacaq. Növbəti qatarlarla birlikdə isə bu rəqəm 75 olacaq.
Sputnik

BAKI. 29 iyun – Sputnik. Bu gündən "Bakı Metropoliteni" QSC-nin daha iki yeni qatarı istismara veriləcək.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, həmin qatarlar "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edəcək. 

"Digər iki qatarın da xəttə buraxılması üçün sazlanma işləri gedir. Təxminən iyulun ilk yarısında onlar da sərnişimlərin istifadəsinə veriləcək", - deyə metro rəsmisi qeyd edib. 

Xatırladaq ki, hazırda metronun vaqon parkı 280 vaqondan ibarətdir. Onun 55-i teni nəsil vaqonlardır. Bu gün xəttə çıxacaq vaqonlarla birlikdə bu say 65-ə çatdırılacaq. Növbəti qatarlarla birlikdə isə bu rəqəm 75 olacaq.

Ötən ilin oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

"Qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır. Vaqonun tutumunu 15% artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb. Yeni vaqonların daha bir fərqləndirici cəhəti odur ki, orijinal işıq qrafikası Bakı vaqonları üçün xüsusi olaraq işlənib. Baş vaqon faralarının dizaynı dəyişdirilib, informasiya sistemi yerli şəraitə uyğunlaşdırılıb. Vaqonların istilik və səs-küy izolyasiyası yaxşılaşdırılıb. İzolyasiyanın etibarlığı kondisioner və ventilyasiya sisteminin də daha effektiv işləməsini təmin edib. Kondisioner sisteminin havanı avtomatik zərərsizləşdirməsi virus və bakteriyalardan əlavə mühafizə imkanıdır. Salonda quraşdırılan diodlu lampalar işıq selinin gücünü çoxaldıb-azaldır və müvafiq erqonomik ab-hava yaradır", - deyə B. Məmmədov bildirib.

O həmçinin əlavə edib ki, Bakı metropoliteninin perspektiv inkişaf planında vaqon parkının müasir və sərnişinlər üçün daha rahat vaqonlar hesabına yenilənməsi də nəzərdə tutulub.