CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyavuş Novruzov: "Koronavirusla bağlı şayiə yayanlar barədə də ölçü götürülməlidir"

"Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsınlar və cərimə edilməsinlər. Bu, həm də onların sağlamlığının qorunmasıdır".
Sputnik

BAKI, 29 iyun — Sputnik. "Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsınlar və cərimə edilməsinlər. Bu, həm də onların sağlamlığının qorunmasıdır. Biz qanunu daha da sərtləşdirməliyik. Bizim hər birimiz intizamlı olmalıyıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Komitə sədri qeyd edib ki, koronavirus ilə bağlı şayiə yayanlar barədə də ölçü götürülməlidir: "Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Bunlar barədə ölçü götürülməlidir. Bəziləri hətta belə bir informasiyalar yayır ki, siz qanunu pozun, cənab Prezident həmin cərimələri ödəyəcək".

"Hesab edirəm ki, kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, cərimələri daha da sərtləşdirməliyik", - deyə o əlavə edib.