CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyatda bir dəfə vacib olan əməl: o pula dəymək olmaz

Xatırladaq ki, bu il ziyarətin qiyməti 4490 dollar müəyyən edilmişdi. Ötən il isə bu məbləğ 4285 dollar olub. Builki qiymət artımı otel xidmətlərinin bahalaşması və viza rüsumu ilə izah edilirdi.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi xaricdən ziyarətçi qəbul olunmayacağı, yalnız krallığın ərazisində olan müsəlmanların Məkkə və Mədinəni ziyarət edə biləcəyi barədə qərar verdi.

Qərara görə, koronavirus pandemiyası və bu virusun insan toplumuna təhlükəsi səbəbindən müsəlman təqvimi ilə 1441-ci ildə yalnız ölkə daxilindəki müxtəlif millətlərdən olan müsəlmanlar məhdud sayda həcc ziyarətini yerinə yetirə biləcəklər.

QMİ Həcc ziyarətinə getmək istəyənlərə müraciət etdi

Qərarla bağlı Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, artıq Həcc ziyarəti üçün ödəniş edənlərin vəsaitlərinin özlərinə qaytarılmasına başlanılıb. Belə ki, ziyarət üçün ödənilən pullar şəxsin özünə qaytarılacaq.

Məlumata görə, bu il Həcc ziyarətinə getmək üçün 250 nəfər müraciət edib. Onlardan 150 nəfəri isə ödəniş edibmiş.

"Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-də başlanılmış və martın 24-də ziyarətə sənəd qəbulu dayandırılmışdı", - deyə QMİ-dən bildirilib.

Xatırladaq ki, Həcc ziyarətinin ləğv edilməsi İslam tarixində ilk dəfə deyil. "Hacı Əjdərbəy" məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu günə qədər Həcc ziyarəti 40 dəfə ləğv edilib.

"1932-ci ildə Səudiyyə hökumətinin qurulmasından bu tərəfə belə bir hadisə baş verməyib. İslam peyğəmbəri Məkkəni fəth edəndən sonra 40 dəfəyə yaxın Həcc ziyarəti təxirə salınıb. Buna adətən müharibələr səbəb olub. 1831-ci ildə isə xolera epidemiyasına görə ziyarət təxirə salınıb", - deyə axund bildirib.

Onun sözlərinə görə, insanın var-dövləti varsa, o Həcc ziyarətinə getməklə var-dövlətini, sağlamlığını zəmanət altına almış olur: "Hər bir var-dövləti olan insanın ömründə bir dəfə Həcc ziyarətinə getməyi vacib sayılır. Ziyarətə gedən şəxslərin özü ziyaratə gedib xərclərini çəkməli, ailəsi burada sıxıntıda olmamalı, ona tabe olan şəxslər sıxıntıda olmamalıdırlar".

Ümrədən qayıdan adam beş qohumunun ölümünə səbəb oldu

İ.Səlimov bildirib ki, Həcc üçün ayrılan vəsaiti başqa heç nəyə xərcləmək olmaz. Vəsait kənara qoyulmalı və yollar açılandan sonra gedilməlidir. Pul xərclənsə belə, Həcc ziyarəti şəxsin boynunda qalmış olur.

"Həcc ziyarətinə bir dəfə getmək vacib əməldir. Bəzi insanlar dəfələrlə Həcc ziyarətinə gedirlər. Ancaq insan bir dəfə Həcc ziyarətinə getməlidir. Sonrakı ziyarətlərin pulu kasıb və xəstə insanlara xərclənə bilər. Bir dəfə Həccə getmək yerinə yetirilməlidir. Bu, insanın boynunda qalır. Əgər yollar bağlı olsa, şəxs ömrünün sonuna kimi Həccə gedə bilməsə, əvəzinə onun övladları getməlidirlər", - deyə axund qeyd edib.

Xatırladaq ki, bu il ziyarətin qiyməti 4490 dollar müəyyən edilmişdi. Ötən il isə bu məbləğ 4285 dollar olub. Builki qiymət artımı otel xidmətlərinin bahalaşması və viza rüsumu ilə izah edilirdi.